Çin və Ermənistan Rusiyanı pisləyən qətnaməyə səs verib, Azərbaycansa...

Adətən Rusiya barədə BMT qətnamələrinə səsvermədə ehtiyatlı mövqe tutan Çin və Hindistan Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsini “təcavüz” adlandıran qətnaməsinin leyinə səs veriblər.

Əslində BMT və Avropa Şurası arasında əməkdaşlığa həsr olunmuş bu qətnamədə Rusiyanın Ukraynaya qarşı təcavüzü cəmi bir paraqrafda yer almışdı.

Avropa ölkələri, Kanada və ABŞ tərəfindən dəstəklənən bu qətnamə 122 leyhinə, 18 bitərəf nisbəti ilə qəbul olunub.

Xəbərdə deyilir ki, Çin adətən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı BMT qətnamələrinə səsvermə zamanı bitərəf mövqe tutur, amma bu dəfə Pekin Qazaxıstan, Braziliya və Hindistanla birgə qətnamənin leyhinə səs verib. Qətnamənin leyhinə səs verənlər arasında Ermənistan və Gürcüstan da var. İran, Tacikistan, Qırğızıstan və Özbəkistan səsvermə zamanı bitərəf qalıblar.

Qətnamənin əleyhinə Rusiyadan başqa yalnız Belarus və Suriya səs veriblər. Budəfəki səsvermədə ümumiyyətlə iştirak etməyən ölkələrin sayı daha çox olub. Bunların arasında ənənəvi olaraq Azərbaycan və Türkmənistan da var.

Səsi niyə gec çıxıb?

Bir sıra şərhçilər qeyd edirlər ki, bu qətnaməyə əslində ötən həftə səsvermə keçirilsə də, səsi necə deyərlər indi çıxıb. Çünki bu sənəddə yalnız preambulanın bir yerində, 9-cu paraqrafda Rusiyanın adı çəkilirdi:

"Rusiya Federasiyanın Ukraynaya qarşı, ondan əvvəl isə Gürcüstana qarşı təcavüzünə görə Avropanın misilsiz çətinliklərlə üzləşməsi və Rusiya Federasiyasının Avropa Şurasında üzvlüyünün dayandırılması ilə bağlı biz BMT və Avropa Şurası arasında gücləndirilmiş əməkdaşlığa çağırırıq”.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel bu qətnaməyə G20 qrupunun Çin, Braziliya, Hindistan və İndoneziya kimi üzvlərinin səs verməsini alqışlayıb.

Xəbərlərdə deyilir ki, bu səsvermə Çinin və Hindistanın Rusiyaya münasibətdə siyasətinin dəyişməsi demək deyildir, amma bununla belə Rusiya təcavüzünün daha geniş coğrafiyada tanınması kimi irəliyə doğru addım sayıla bilər.

 

Azadlıq Radiosu.