Bir qrup müharibə iştirakçısı onlara veteran statusu verilməsini tələb edib

Operativtv.com Turana istinadən xəbər berir ki, bu gün İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Azərbaycanın Müdafiə Nazirliyinin önündə etiraz aksiyası keçirib.

Onlar müharibədə iştirak etmələrinə baxmayaraq, veteran statusu ala bilmədiklərindən şikayət ediblər.

"Bizə veteran statusu verməkdən imtina edirlər. Biz öz ailələrimizi qoyub Vətənin müdafiəsinə yollandıq. Bəzilərimiz hətta sonradan kontuziyalı olmaları bəhanəsi ilə işə bərpa olumayıblar. Biz öz hüquqlarımızı tələb edirik. Bizə "veteran" adı üçün 80 manat yardım da lazım deyil, biz sadəcə olaraq statusumuzun tanınmasını istəyirik", deyə aksiya iştirakçılarından biri bildirib.

20-yə yaxın etirazçı status verilməsi məsələsində ayrı-seçkilikdən şikayət edib.

"Biz döyüşmüşük, yerdə yatmışıq, amma bizə status vermirlər. Yaxşı tanışı olanlar isə veteran vəsiqəsi alıblar. Belə çıxır ki, kasıblara status düşmür?", deyə daha bir müharibə iştirakçısı bildirib.

Nicat Mustafayev müharibənin ilk günündəcə cəbhəyə gedib.

"Mən Kəlbəcərin azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişəm, medalla təltif olunmuşam. Hərbi biletimdə N saylı hərbi hissənin tərkibində Kəlbəcər uğrunda döyüşlərdə iştirak etdiyim haqqında qeyd də var. Müdafiə Nazirliyindən isə mənə bildiriblər ki, medalı guya "həvəsləndirmək" üçün veriblər. Biz birinci sinif şagirdi deyilik ki, bizi "həvəsləndirsinlər". Biz hüquqlarımızı tələb edirik", deyə Mustafayev bildirib.

Azərbaycanın Müdafiə Nazirliyindən şərh almaq mümkün olmayıb.