Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən mənfi cavab alıb

Müxalifətin ən böyük siyasi təşkilatlarından hesab olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən mənfi cavab alıb.
Nazirliyin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədovun iyulun 19-da partiyaya göndərdiyi məktubda qeyd olunub ki, 5138 üzvü əhatə edən reyestrdə 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar tərəfinizdən dəqiqləşdirilməlidir.
AXCP sədri Əli Kərimli Ədliyyə Nazirliyinin məktubuna reaksiya verib.
Əli Kərimli “Facebook” səhifəsində yazıb ki, ən yaxşısı Ədliyyə Nazirliyi vaxt təyin etsin, partiya da 5 min nəfər cəbhəçi ilə nazirliyin qarşısına toplaşsın:
“Bizi əyani görsünlər və istəsələr, saysınlar”.
AXCP sədri bir sıra suallar da səsləndirib:
“Haradan bilək ki, hansı partiya üzvünün məlumatı sizin tərəfdən düz kimi, hansının məlumatı “düzgün göstərilməyən” kimi qəbul olunur? Çatışmazlıq nədədir? Ədliyyə nazirliyinin məktubunda göstərilmiş digər “çatışmazlıqlar” da – guya 119 nəfərin başqa partiyaların üzvü olması, 59 şəxs barədə məlumatların təkrarlandığı, 609 nəfərin AXCP üzvü olmadıqlarını bildirməsi və digər iradlar da qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub”.
 
Meydan TV