Avstraliyanın ən qatı islamofobu müsəlman oldu

Avstraliyada islamofobiyanın ən qatı ideoloqlarından biri öz radikal həmfikirlərini gözlənilməz qərarı – müsəlman olması ilə təəccübləndirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Şermon Berdjess hələ 2010-cu ildən Avstraliyadakı sağçı-radikal siyasi qüvvələrin ən önündə gedərdi, ultra-sağçı qruplaşmalardan birinə başçılıq edərdi və müsəlmanlara qarşı nifrəti təbliğ edərdi.

Əvvəllər sosial şəbəkələrdə özünü “Avstraliyanın böyük patriotu” adlandıran Şermon indi sosial şəbəkədə Fələstin bayrağını və kəlmeyi-şəhadəti paylaşıb.

O, verdiyi müsahibələrdən birində təsdiq edib ki, o və onun keçmiş həmfikirlərindən biri yerli məscidlərdən birində şəhadət gətirərək İslam dinini qəbul ediblər.

“Müsəlman cəmiyytəi o qədər mehriban və heyrətamizdir ki, o, hər zaman kömək əlini uzatmağa hazırdır”, – deyə keçmiş islamofob qeyd edib.

Maraqlıdır ki, Berdjessin İslamla bağlı fikirlərinə müsəlman fəallardan biri təsir edib. Həmin müsəlman şəxs ona islamofob propaqanda ilə təhrif edilməmiş şəkildə İslam dini barədə adekvat məlumatlar verib.