2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat proqnozlaşdırılır

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.
Layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat proqnozlaşdırılır. Büdcə göstəricilərinə mərkəzləşdirilmiş gəlirlər üzrə 37 milyard 850 milyon 712 min manat, yerli gəlirlər üzrə 758 milyon 288 min manat, mərkəzləşdirilmiş xərclər üzrə 40 milyard 944 milyon 465 min manat, yerli xərclər üzrə isə 759 milyon 135 min manat daxildir.
Sənədə görə, 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat müəyyənləşdirilir. İl ərzində veriləcək dövlət zəmanətlərinin yuxarı həddi isə 3 milyard manat olaraq təsdiqlənəcək.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat məbləğində nəzərdə tutulur.
Neftin bir barelinin orta qiyməti 2025-ci il büdcəsində 70 dollar götürüldüyü halda, 2026-cı il sənədində bu göstərici 65 dollar olaraq müəyyən edilib. Sənəddə azalmaya baxmayaraq, itkilərin əsasən artan vergi daxilolmaları hesabına kompensasiya ediləcəyi gözlənir.
Büdcədə diqqət çəkən məqamlardan biri icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalmasıdır. 2026-cı il üçün bu istiqamətə 900 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır. Yeni qanunvericiliyə əsasən, qeyri-rəsmi çalışanların, yəni işsiz kimi qeydiyyatda olmayanların icbari tibbi xərclərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulmur.
Eyni zamanda, sənəddə müdafiə xərclərində artım əksini tapıb.
Əvəzində sənəddə müdafiə xərclərində artım var.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.