Vüqar İskəndərov: “Ölkədə “siyasi məhbus” yoxdur” (Fakt Yoxla iddianı araşdırıb)

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, ölkədə “siyasi məhbus” yoxdur. "İnsanlar siyasi fikirlərinə, əqidələrinə, düşüncələrinə, baxışlarına görə həbsə atılmır, təqib olunmurlar.”

- 2023-cü ilin aprel ayında 22 şəxs məhbus olaraq qeyd edilmişdisə, hazırda 20 nəfər hələ də siyasi məhbus olaraq həbsdədir.

- 2023-cü il 31 iyulda dərc olunan “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyininin siyahısında 204 nəfər siyasi məhbusun adı yer alıb. Siyahıda siyasi səbəblə saxlanılanlar arasında Qubad İbadoğlu, Nazim Bəydəmirlinin də adı var. 

Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç tənqidi fikir səsləndirdiyinə görə fəallar Qiyas İbrahimov və Elmir Abbasovun saxlanıldığını, jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin peşə fəaliyyətlərini yerinə yetirərkən saxlanıldığı və təzyiqə məruz qaldığını bildirib. 

“Dəfələrlə demişik ki, ölkədə “siyasi məhbus” yoxdur. İnsanlar siyasi fikirlərinə, əqidələrinə, düşüncələrinə, baxışlarına görə həbsə atılmır, təqib olunmurlar.”

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov “Pravda.az”-a açıqlamasında deyib.

“Fakt Yoxla” ölkədə siyasi həbslərin və insanların siyasi fikirlərinə təqibin olub-olmadığını yoxlayıb.

Hökümətə yaxın şəxslər mütəmadi olaraq Azərbaycanda insanların siyasi fikirlərinə görə təqib edilmədiyini, ölkədə “siyasi” məhbus olmadığını bildirir. “Fakt Yoxla” 2023-cü il aprel ayında dərc etdiyi araşdırmada Azərbaycanda siyasi baxışlarına görə həbslərin olduğu qənaətinə gəlmişdi.

“Fakt Yoxla”nın açıq mənbələrdən topladığı məlumatlara əsasən, 2023-cü ilin aprel ayında 22 şəxs məhbus olaraq qeyd edilmişdisə, hazırda 20 nəfər hələ də siyasi məhbus olaraq həbsdədir. Əfv edilənlər “Gəncə işi” üzrə Samir İbrahimov və Həbib Qurbanovdur. 

2023-cü il 31 iyulda dərc olunan “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyininin siyahısında 204 nəfər siyasi məhbusun adı yer alıb: “Jurnalist və bloqer” – 5, “Müxalif partiya və hərəkatların üzvləri” - 7, “Ömürlük” – 11, “Almaniyadan deportasiya edilən siyasi mühacirlər” – 5, “Dindarlar” -147, “Tərtər işi” üzrə 7, “Gəncə işi” üzrə 22 nəfər.

Bu siyahıya əsasən, yeni həbs edilənlərin böyük hissəsi dini fəallar, “Müsəlman Birliyi” Hərəkatının üzvləri və ilahiyyatçılardır. Onların həbsi Azərbaycan və İran arasında baş verən siyasi gərginliyin olduğu dövrə təsadüf edir və əksəriyyəti külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə ittiham olunub.

Siyahıda siyasi səbəblə saxlanılanlar arasında Qubad İbadoğlu, Nazim Bəydəmirlinin də adı var. 

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyi məlumat verib ki, Q.İbadoğlu Türkiyə Daxili İşlər Nazirliyinin məlumatı əsasında ölkədə “fetoçular” ilə əlaqəli olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri fonunda saxlanılıb. Həm yerli, həm xarici insan hüquqları təşkilatları, həm də bir sıra ölkələr ADR sədrinin həbsi ilə bağlı bəyanatlarla çıxış edib. 

Bu zaman ərzində siyasi təqdiblərin yaşandığı digər bir hadisə isə Söyüdlü kəndində baş verib.

 2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndinin sakinləri ekoloji problemlərə etiraz ediblər. Həmin etirazlar zamanı polis vətəndaşlara qarşı zorakılıqla müşahidə edilən hərəkətlər göstərib. Onların gözünə gözyaşardıcı qaz sıxıb, dubinka ilə vurub, 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub. 

Bu etirazların fonunda keçmiş deputat Nazim Bəydəmirli 4 ay həbs qətiimkan, polis zorakılığına qarşı sərt tənqidlər səsləndirənlər - ictimai fəal Qiyas İbrahimov 30 sutka, NİDA Vətəndaş Hərəkatının fəalı Elmir Abbasov 20 sutka həbs cəzası alıb. 

Hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəalları bu həbsləri siyasi motivli hesab ediblər və bildiriblər ki, məqsəd Söyüdlü kənd sakinlərinin tələblərini dəstəklədiyinə görə onları cəzalandırmaqdır.

Gədəbəy hadisələri zamanı həmçinin jurnalistlər də təzyiqə məruz qalıblar. Polis jurnalist Nigar Mübarizin və Nərgiz Absalamovaya zorakılıq göstərib, jurnalist Elməddin Şamilzadə isə polis tərəfindən 5 saat saxlanılıb.

Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Söyüdlü kəndində baş verən etiraz aksiyalarının polis tərəfindən dağıdılması və iştirakçıların həbs edilməsi, jurnalistlərin və hüquq müdafiəçilərinin işinə məhdudiyyətlər qoyulması ilə bağlı açıqlama verib. AŞ Komissarı polisin etirazçılara qarşı güc tədbiq etməsi və gözyaşardıcı qaz kimi xüsusi vasitələrdən istifadə etməsinin insan hüquqlarının pozuntusu olduğunu qeyd edib.

Həmçinin, o, tənqidi fikir səsləndirdiyinə görə fəallar Qiyas İbrahimov və Elmir Abbasovun saxlanıldığını, jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin peşə fəaliyyətlərini yerinə yetirərkən saxlanıldığı və təzyiqə məruz qaldığını bildirib.

“Milli hakimiyyət orqanları hüquq müdafiəçilərinin, vəkillərin və vətəndaş cəmiyyəti fəallarının repressiyalara, təqiblərə və digər maneələrə məruz qalma riski olmadan təhlükəsiz şəkildə qanuni fəaliyyətlərini həyata keçirmələrini təmin etməyə borcludurlar” - deyə, açıqlamada qeyd edilib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, Azərbaycan höküməti kənd əhalisi ilə şantaj, təhdid və təzyiq altında davranır: “Bu bütövlükdə Azərbaycanda zorakılığa, şiddətə, repressiv üsul və alətlərə söykənən bir idarəçilikdən xəbər verir”. O, həmçinin əlavə edib ki, Bəydəmirlinin həbsi siyasi xarakterlidir.

Beləliklə, Azərbaycanda son aylarda baş verən yuxarıdakı hadisələri nəzərə aldıqda məlum olur ki, insanlar siyasi fikirlərinə görə təqib olunur, həbs edilirlər. Həmçinin, Azərbaycanda siyasi məhbusların sayı hər keçən ay daha da artmaqdadır. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yalandır.