Qəzzada atəşkəs üçün Parisdə dördtərəfli görüş

"Biz misirlilərlə təklifimizi müzakirə etdik və onlar Parisdən qayıdana qədər gözləyəcəyik", - HƏMAS rəsmisi bildirib.

İsrail və HƏMAS arasında davam edən müharibəyə son qoymaq üçün İsrail, ABŞ, Misir və Qətər rəsmiləri Fransanın paytaxtı Parisdə atəşkəs diplomatiyası həyata keçirib. Münaqişənin dayandırılması və girovların azad edilməsi üçün aparılan danışıqların son həftələrin ən ciddi cəhdi olduğu bildirilib.

HƏMAS və İsrail arasında oktyabrın 7-də başlayan müharibədə tərəflər Təl-Əviv rəhbərliyinin hücumlarını dayandırmaq və girovları azad etmək üçün cümə günü Parisdə bir araya gəlib.

İsrail rəhbərliyi fələstinlilərin son sığınacağı olan Rəfah şəhərinə hücuma hazırlaşarkən vasitəçilər atəşkəsə nail olmaq üçün səylərini sürətləndirib. Bu çərçivədə Parisdə keçirilən danışıqlar, İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbərinin Qətər, Misir və ABŞ rəsmiləri ilə ayrı-ayrılıqda görüşməsi ilə başlayıb. Adının çəkilməsini istəməyən diplomatik mənbə Reuters agentliyinə ciddi danışıqların başlanması istiqamətində irəliləyişin əldə olunacağına dair nikbinlik əlamətlərinin olduğunu bildirib. Misirin Al Qahira TV News kanalı da danışıqların başladığını açıqlayıb.

Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ölkəsində Həmas lideri İsmayıl Haniyə ilə görüşdükdən sonra atəşkəs danışıqları üçün Parisə gedib.

HƏMAS-ın rəsmisi Qahirədə atəşkəs danışıqlarını yekunlaşdırdıqlarını qeyd edərək, vasitəçilərin İsraillə həftə sonu danışıqlarının nə gətirəcəyini gözlədiklərini bildirib. "Biz misirlilərlə təklifimizi müzakirə etdik və onlar Parisdən qayıdana qədər gözləyəcəyik" - HƏMAS rəsmisi bildirib.

İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Netanyahunun dünənki kabinet iclasında təqdim etdiyi plan Qəzza zolağının demilitarizasiyası, İsrailin təhlükəsizlik üçün hərəkət azadlığının qorunması və Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinə Yardım və Yaxın Şərqdəki Qaçqınların (UNRWA) İşlərinə dəstək verməyə bağlanır”.

Plana görə, İsrail Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində təhlükəsizlik və hərbi məsələlərdə hərəkət azadlığını qoruyacaq və ABŞ-ın koordinasiyası ilə Misir-Qəzza sərhədində bufer zonası yaradaraq “qaçaqmalçılıq cəhdlərinin” qarşısını alacaq.

Netanyahunun hökumətə təqdim etdiyi yol xəritəsinə görə, Qəzzanın mülki idarəsi “idarəetmə bacarığı olan peşəkarlar” tərəfindən həyata keçiriləcək. Bu insanlar “terrora dəstək verən dövlət və təşkilatlarla bağlı olmayacaqlar” və maaşlarını onlardan almayacaqlar.