Qərbin 14 mayda Türkiyədə ilk raundu uduzması Ermənistan və Azərbaycandakı Qərb şəbəkəsini də hədsiz məyus edib

Qərbin 14 mayda Türkiyədə ilk raundu uduzması bu seçkilərə böyük ümid bəsləyən Ermənistandakı və Azərbaycandakı Qərb şəbəkəsini də hədsiz məyus edib.
Ermənistanda ümid edirdilər ki, Ərdoğan uduzacaq və Kılıcdaroğlu qalib gələcəksə, bu, Türkiyənin yenidən tam şəkildə Qərbin iradəsi altına qaytarılması demək olacaq, bu halda isə Azərbaycanla sülh danışıqlarında və Rusiya ilə münasibətlərdə Paşinyanın mövqeyi güclənəcək.
Eyni qaydada, Azərbaycandakı Qərb şəbəkəsi də ona köklənmişdi ki, 14 mayda Ərdoğan uduzacaq, Kılıcdaroğlu qalib gələcək və nəticədə, Əliyevin beynəlxalq müstəvidəki əsas siyasi dayaqlarından biri sıradan çıxacaq, beləliklə, Azərbaycan hakimiyyəti təklənəcək və zəifləyəcək, onu yıxmaq asanlaşacaq...
Elə bu səbəbdən, hələ də Azərbaycandakı və Ermənistandakı Qərb şəbəkəsi Türkiyə müxalifətindən daha çox seçkilərin saxtalaşdırıldığı iddiasını durmadan tirajlayır, Türkiyə dövlətinin və xalqının qazandığı böyük bir uğuru gözdən salmağa, ləkələməyə çalışır, 28 maya isə sönük ümidlərinin möcüzəylə gerçəkləşə biləcəyi son tarix kimi yanaşırlar...
Şübhəsiz ki, Ərdoğan ikinci raundda - 28 mayda da yenidən hər hansı toqquşma olmadan üstünlüyünü təkrarlayacaqsa, bu, Türkiyənin mövqeyinin ciddi çəkildə nəzərə alındığı digər geopolitik toqquşma bölgələrində - Qara dəniz hövzəsində gedən Rusiya-Ukrayna savaşında, Cənubi Qafqazda Ermənistan-Azərbaycan danışıqlarında və Mərkəzi Asiya ölkələriylə münasibətlərdə Qərbin təsir imkanlarını xeyli zəiflədəcək.
Qərbpərəstlərin məyusluqları və depressiyanın yaratdığı qeyri-sabit davranışları həm də bununla bağlıdır.
 
 
Elxan Şükürlü.