Prezident Administrasiyasından Paşinyana cavab

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Məclisinin 25 sentyabr iclasındakı çıxışına münasibət bildirib.
 
Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan baş nazir Azərbaycanı danışıqlara hörmətsiz münasibətdə ittiham edib, rəsmi Bakını münaqişəni hərbi yolla həll etmək ideyasından əl çəkməyə çağırıb. O, Azərbaycanın Dağlıq Qarabağ hakimiyyəti ilə danışıq aparmalı olduğunu vurğulayıb və qeyd edib ki, Bakının indiki yanaşması fonunda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması erməni xalqının yeni soyqırımına qol qoymaq demək olar.
 
Sentyabrın 26-da AZƏRTAC-a açıqlama verən Hikmət Hacıyev deyib ki, BMT nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq Azərbaycana qarşı gücdən istifadə edən, ölkənin Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edən Ermənistan münaqişənin həlli ilə əlaqədar Azərbaycana əsassız ittihamlar irəli sürüb: "Ermənistan öz ərazisində və işğal olunmuş torpaqlarda bir milyondan artıq köklü Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Ermənistanın baş naziri sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə danışıqlar prosesinin iflic hala salınmasına xidmət edir.
 
Bütün beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, münaqişənin həllində ən başlıca maneə Ermənistanın Azərbaycana qarşı hərbi işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Hələ bu azmış kimi Ermənistanın baş naziri beynəlxalq hüquqa və BMT nizamnaməsinə tam hörmətsizlik şəraitində işğal edilmiş ərazilərin ilhaqına çağırır.
 
Ermənistanın baş naziri BMT-nin mənzil-qərargahında olduğu halda münaqişənin həllinin siyasi-hüquqi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin üzərindən qəsdən sükutla keçir.
 
Münaqişənin həllində irəliləyiş əldə etmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olmağı dayandırmalı və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Yalnız bu halda münaqişənin həlli, regionda davamlı sülh və sabitliyin təmin olunması mümkündür”.