Ötən gün Bakının Keşlə qəsəbəsində saxlanılan Elgiz Məmmədov Semaşko xəstəxanasına qaldırılıb. Bu barədə ailəsi məlumat verib.
İyunun 10-da saxlanılan inanclı Nizami Rayon Polis İdarəsinə aparılıb. Burada ona fiziki işgəncə verilərək narkotik maddələrin ona aid olması ilə bağlı etirafedici video çəkilməyə cəhd edilib. Lakin Elgiz Məmmədov ittihamı rədd edib və narkotiklərlə bağlı hər hansı bir əlaqəsinin olmadığını deyib.
Bundan sonra o, polis işçiləri tərəfindən fiziki işgəncəyə məruz qalıb. İnanclının vəkili Zibeydə Sadiqova onun bədənində işgəncə izlərinin aydın göründüyünü söyləyib və məsələ ilə bağlı Ombudsmanlığa ərizə ilə müraciət edildiyini söyləyib.
Ailəsinin bildirdiyinə görə iyunun 10-u axşama doğru Elgizə verilən su bir neçə dəqiqədən sonra səhhətində kəskin ağrılara yol açıb. Ağrıların şiddətindən inanclı Semaşko xəstəxanasına qaldırılıb. Həkimlərin müdaxiləsi qaçılmaz olub.
Adətən narkotiklərlə bağlı ittihamı qəbul etməyən inanclılara su vasitəsi ilə narkotik vermək polis idarələrində yeni hal deyil. Onlar bu vasitə ilə ekspertizanın onun qanında narkotik təsdiqi ilə məhkəmə üçün saxta dəlil yaratmış olurlar. Yəqin ki, Elgizlə də bağlı eyni ssenari oynanılıb. Sadəcə Elgizin səhhətində həssaslı saxta narkotik oyununa sərt reaksiya ilə nəticələnib.
Hal-hazırda Nizami Rayon Polis İdarəsində saxlanılan inanclının gün ərzində məhkəmə önünə çıxarılması gözlənilir. Şübhəsiz növbəti narkotik ittihamı daha bir inanclının şərlənməsinə səbəb olacaqdır.
Polis idarəsində işgəncə görən inanclı xəstəxanaya qaldırılıb