Pakistanın keçmiş baş naziri məhkəmə qarşısına çıxarılıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan çərşənbə günü korrupsiya ittihamı ilə xüsusi məhkəmə qarşısına çıxarılıb.

Xanın məhkəməsi onun bir gün əvvəl gözlənilməz həbsindən və rəsmilər tərəfindən saxlanmasından sonra keçirilib. 70 yaşlı Xan nəzarətə terror və korrupsiyadan tutmuş dövlətə xəyanət və digər cinayət əməllərinə qədər ona qarşı irəli sürülən onlarla ittiham üzrə dinləmələrdə iştirak etməyə hazırlaşarkən alınıb.

Xanın vəkilləri yarı-hərbi birləşmələrin onu nəzarətə götürməzdən və onları müşayiət edən Rüşvətxorluğa Qarşı Mübarizə Orqanına təhvil verməzdən əvvəl ona qarşı fiziki təzyiq göstərildiyini bildirib.

Çərşənbə günü məhkəmə iclası onun hazırda saxlandığı polis idarəsində ciddi mühafizə şəraitində keçirilib.

Xanın həbsi İslamabadda və Pakistanın digər şəhərlərində onun siyasi partiyası Pakistan Təhrik-i-Insaf və ya PTI tərəfdarlarının güclü və kütləvi etirazlarına səbəb olub.

Etirazçılar və şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələri bir neçə şəhərdə etiraz edən kişi və qadınlara atəş açıb. Nəticədə azı bir nəfər ölüb, çox sayda nümayişçi yaralanıb.

Xanın çox sayda tərəfdarı Ravalpindidəki hərbi qərargahın yaxınlığında toplaşaraq, orduya qarşı şüarlar səsləndirib ki, bu, Pakistanın yaxın tarixində baş verməyən bir hadisədir.