İsrail ordusunda intihar edənlərin sayı rekord həddə çatıb

2026-cı ilin əvvəlindən bəri İsrail ordusunda intihar edən hərbçilərin sayı 23 nəfərə yüksəlib. Bu, son 16 ildə qeydə alınmış ən yüksək illik göstəricidir.

“Haaretz” xəbər verir ki, son illərdə İsrail ordusunun şəxsi heyəti arasında intihar hallarının sayında artım müşahidə olunur.

İsrail ordusunda intihar hallarının artması 2023-cü ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatların başlanmasından sonra müşahidə edilməyə başlayıb.

Qəzzada müharibədən əvvəlki on il ərzində İsrail hərbçiləri arasında illik orta intihar göstəricisi 12 hadisə təşkil edirdi.

2023-cü ilin oktyabrından həmin ilin sonunadək 7 hərbçi intihar edib. 2024-cü ildə bu rəqəm 21-ə, 2025-ci ildə isə 22-yə yüksəlib.

Hərbçilər arasında intihar hallarının çoxalması Qəzza zolağında uzun müddət davam edən hərbi əməliyyatların ağır psixoloji nəticələri, o cümlədən posttravmatik stress pozuntusu (PTSP) ilə əlaqəli ola bilər.

Xatırladaq ki, İsrail ordusu Fələstində, xüsusilə də Qəzza sektorunda, həmçinin qonşu ölkələrdə hərbi cinayətlər, kütləvi qətliamlar və soyqırımı törədir.