Kim sənə haqq verib ki, Borçalıda yaşayan minlərlə azərbaycanlının ləyaqətini mühakimə edəsən?

Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti Mübariz Əhmədoğlunun onların ünvanına söylədikləri aşağılayıcı fikirlərin yer aldığı çıxışına mövqey bildirib.
“Mübariz Əhmədoğlunun çıxışında ən böyük problem siyasi mövqeyin deyil, irəli sürdüyü ittihamların faktlara deyil, emosiyalara və təhqirlərə söykənməsidir!
Borçalıda yaşayan azərbaycanlıları, xüsusilə də qadınları hədəfə almaq, onların ləyaqətinə toxunmaq nə siyasi mövqedir, nə də vətənpərvərlik.
Mübariz Əhmədoğlunun özü hesabatlar yazdığını və bu məsələlərlə məşğul olduğunu deyir. Elə isə hesabatın dili ilə danış: faktı göstər, mənbəni təqdim et, iddianı sübut et. Sübut edə bilmədiyin məsələləri bütöv bir xalqın ünvanına ittiham kimi yönəltmə.
Gürcüstandakı müsəlmanların kim olduğunu və necə yaşadığını bilmədən onlar haqqında danışmaq əvəzinə, əvvəlcə öz fikirlərinə və ifadələrinə hörmət etməyi öyrən.
Kim Mübarizə haqq verib ki, Borçalıda yaşayan minlərlə azərbaycanlının kişiliyini, qeyrətini, ləyaqətini mühakimə edə, qadınlarını təhqir edə?
Öz fikrini ifadə etmək başqa şeydir, bütöv bir toplumun adından danışmaq və insanlara yuxarıdan aşağı baxmaq tamam başqa. Mübarizin nə Borçalı camaatının adından danışmağa, nə də onların şərəf və ləyaqətinə toxunmağa haqqı var.
Birinci Qarabağ müharibəsində bu camaatın neçə igid oğlu Azərbaycanın müdafiəsinə qalxdı, neçəsi şəhidlik zirvəsinə ucaldı. İkinci Qarabağ müharibəsində də Borçalı əsilli soydaşlarımız iştirak etdi, canlarından keçənlər oldu.
Bəs sən bu insanların ailələrinə, şəhid analarına, övladlarına nə cavab verəcəksən? Onların fədakarlığını hansı haqqla görməzdən gəlirsən?
Borçalı camaatı Azərbaycanın ağır günündə öz sözünü maddi imkanları, qanı və canı ilə deyib.
Sən isə bu gün oturduğun yerdən həmin camaatın qeyrətini və ləyaqətini mühakimə etməyə cürət edirsən.”