Azərbaycanda gündəlik neft hasilatı oktyabrda 447 min barelə enib, OPEC+ kvotasından 104 min barel azdır

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına görə, oktyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 447 min barel olub. Bu, sentyabrla müqayisədə 4 min barel azdır.

“OPEC+” razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik hasilat kvotası 551 min bareldir. Beləliklə, ölkə oktyabrda kvotadan 104 min barel az neft çıxarıb. Azərbaycan uzun müddətdir ki, kvotanı doldura bilmir, çünki əsas yataq olan “Azəri-Çıraq-Günəşli”də hasilat ildən-ilə azalır.

Hesabata görə, “Azeri Light” neftinin “North Sea Dated” markasına nisbətən qiymət üstünlüyü oktyabrda 1,94 dollar artaraq bir barel üçün 13,21 dollara çatıb. Hesabatda Avropa emal zavodlarının Qərbi Afrika neftinə tələbinin zəiflədiyi, daha sərfəli təklif olunan Yaxın Şərq, Şimal dənizi və Xəzər neftinə üstünlük verdiyi qeyd edilir.

Bu günlərdə açıqlanan digər rəqəmlər də neft sektorunun kiçildiyini göstərir: rəsmi statistikaya görə, on ayda neft-qaz sektoru 0,9 faiz geriləyib. Neft gəlirləri Azərbaycan büdcəsinin və ixracının əsas mənbəyi olaraq qalır.