Bundestaq deputatı: Azərbaycan kağız üzərində demokratik görünə bilər, amma diktatura əlamətləri ölkədə mövcuddur

Almaniya Bundestaqının deputatı, Avropa Şurası Parlament Assambleyasında Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədri Frank Şvabe Azərbaycanı avtoritar idarəetmənin olduğu ölkələr sırasında adlandırıb və ölkədə siyasi səbəblərlə həbs olunanların sayının durmadan artdığını deyib.

O, bu fikirləri Berlində “Berlin Freedom Week” çərçivəsində Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək sərgisində “Meydan TV”yə verdiyi müsahibədə səsləndirib. “Kağız üzərində demokratik ölkə kimi görünə bilər. Amma diktaturanı xarakterizə edən əlamətlərə baxsaq, onların bu gün Azərbaycanda mövcud olduğunu görərik”, - Şvabe deyib. Onun sözlərinə görə, ölkədə vəziyyət 10 il əvvəl də çox pis idi, indi isə daha da pisləşib.

Deputat Almaniya ilə Azərbaycan arasındakı enerji əməkdaşlığına da toxunub. O, avtoritar ölkələrlə bütün iqtisadi əlaqələrin kəsilməsini tələb etmədiyini, amma ticarətin insan hüquqları barədə danışmamağa əsas olmadığını bildirib: “Susmaq üçün heç bir səbəb yoxdur”. Şvabe başqa ölkələrin hökumətlərini Bakı ilə danışıqlarda siyasi məhbusların azad edilməsini tələb etməyə çağırıb.

Şvabe Azərbaycanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əməl etmədiyini deyir. “Biz qeyri-adi heç nə tələb etmirik. Sadəcə həmin qərarların icrasını istəyirik”, - o bildirib və şəxsən tanıdığı həbsdəki hüquq müdafiəçisi Anar Məmmədlini nümunə göstərib. Deputatın fikrincə, 300-dən çox siyasi məhbusun sayını demək azdır, həmin insanların üzləri, həyat hekayələri və saxlanıldıqları şərait də göstərilməlidir.

“Hazırda Azərbaycan hökumətindən heç kim mənimlə danışmır”, - Şvabe deyib. Onun sözlərinə görə, özünün də Azərbaycana getməsinə icazə verilmir, Avropada ölkəyə girişinə qadağa qoyulmuş 70-dən çox deputat var. Müsbət nümunə kimi isə iqtisadçı Qubad İbadoğlunun ölkədən çıxa bilməsini çəkib və bunun beynəlxalq səylərin nəticəsi ola biləcəyini, amma təfərrüatları bilmədiyini əlavə edib.