Etirazçılar nazirliyin binasını darmadağın etdilər

Albaniyada hökumət əleyhinə etiraz aksiyasının iştirakçıları İqtisadiyyat Nazirliyinin binasına soxularaq xidməti otaqları darmadağın ediblər.

Nümayişçilər binadan mebel və avadanlıqları çıxarmağa başlayıblar.

Portalın məlumatına görə, iğtişaşlar zamanı ölkənin Mərkəzi Seçki Komissiyasının binasına da ziyan dəyib.

Tiranada etirazlar oktyabrın 13-də Təhsil Nazirliyinin binası qarşısında tələbələrin aksiyası ilə başlayıb və ertəsi gün də davam edib.

Baş nazir Edi Ramanın istefasını tələb edən nümayişçilər hökumət başçısının iqamətgahına soxulmağa cəhd ediblər. Polisin müdaxiləsindən sonra onlar qruplara bölünərək paytaxtın mərkəzindəki dövlət qurumlarının binalarını dağıtmağa başlayıblar.

İğtişaşlar nəticəsində parlamentin, Ədliyyə Nazirliyinin, dövlət arxivinin və digər qurumların binalarına ziyan dəyib.

Müxalif Albaniya Demokratik Partiyasının sədri Sali Berişa etirazçılara dəstək verdiyini bəyan edib.