ABŞ Rusiya və Çin də daxil olmaqla 60 ölkəyə yeni rüsumlar tətbiq edib, Avropa qərarı “xoşagəlməz sürpriz” adlandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya və Çin də daxil olmaqla 60 ticarət tərəfdaşından idxal edilən məhsullara 10 və 12,5 faizlik yeni gömrük rüsumları tətbiq edib.

“AP News”un məlumatına görə, iyulun 24-dən qüvvəyə minən rüsumlar ABŞ-nin ümumi idxalının 99 faizindən çoxunu əhatə edir.

Vaşinqton qərarı həmin ölkə və iqtisadiyyatların məcburi əməklə istehsal olunan məhsulların idxalına qoyulan qadağaları ya tətbiq etməməsi, ya da lazımi səviyyədə icra etməməsi ilə əsaslandırıb.

ABŞ Ticarət Nümayəndəliyinin məlumatına görə, araşdırılan 60 ticarət tərəfdaşından 54-ü belə məhsulların idxalına qadağa qoymayıb və mövcud məhdudiyyətləri effektiv şəkildə icra etməyib. Avropa İttifaqı, Kanada, Meksika, Ekvador, İndoneziya və Pakistanın isə qəbul etdikləri qadağaları yetərincə icra etmədiyi qənaətinə gəlinib.

Rusiya və Çindən gətirilən mallara 12,5 faizlik rüsum tətbiq olunacaq. Avropa İttifaqı, Tayvan, Yaponiya, Cənubi Koreya və İsveçrədən idxal edilən məhsullar üçün yekun tarif dərəcəsi mövcud rüsumlar nəzərə alınmaqla 10 və ya 12,5 faiz təşkil edəcək.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin qərarını “xoşagəlməz sürpriz” adlandırıb.

Manilada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının toplantısı çərçivəsində “Reuters”ə danışan Kallas Brüsselin Vaşinqtondan izahat tələb edəcəyini bildirib.

“Amerika ilə razılaşmamız var idi və biz həmin razılaşmaya əməl etdik. Buna görə də razılaşmaya riayət olunmaması bizim üçün xoşagəlməz sürpriz oldu”, - Kallas deyib.

O, Avropa İttifaqının məcburi əməyə qarşı mübarizədə yetərli tədbirlər görməməsi barədə iddiaları əsassız sayıb. Kallasın sözlərinə görə, Avropa ölkələrində əmək qanunvericiliyi və iş şəraiti ABŞ ilə müqayisədə daha yüksək standartlara cavab verir.

Donald Tramp 2025-ci ilin yazında dünyanın əksər ölkələrindən idxal olunan məhsullara genişmiqyaslı rüsumlar tətbiq etmişdi. Rusiya həmin vaxt bu tariflərin şamil olunduğu ölkələr siyahısına daxil edilməmişdi.

ABŞ Ali Məhkəməsi 2026-cı il fevralın 20-də fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanunun prezidentə belə rüsumlar tətbiq etmək səlahiyyəti vermədiyi barədə qərar çıxarıb. Bundan sonra tətbiq edilən müvəqqəti 10 faizlik rüsumların müddəti iyulun 24-də başa çatıb. Yeni tariflər isə 1974-cü il Ticarət Qanununun 301-ci bölməsinə əsaslandırılıb.