Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb

Avropa İttifaqı zəlzələdən zərər çəkən Venesuelaya dəstək üçün 5 milyon avro ayırıb.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigeslə telefon danışığından sonra X sosial şəbəkəsində yazıb.

“Mən Venesuelada dağıdıcı zəlzələdən sonra Delsi Rodrigeslə telefon danışığı apardım. Aİ artıq zərər çəkən yaşayış məntəqələrinə təcili yardım kimi 5 milyon avro ayırıb. Biz Avropa Mülki Müdafiə Mexanizmini işə salmışıq və bir neçə üzv dövlət operativ şəkildə axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibb personalı göndərib”, - deyə o, yazıb.

Kallas əlavə edib ki, Venesuelada xilasedicilərə Aİ-nin “Kopernik” peyk sistemi də dəstək göstərir. Bu sistem yardımın ən çox ehtiyac duyulan ərazilərə yönəldilməsinə kömək edir.

Qeyd edək ki, zəlzələ Venesuelada iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaracuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra təxminən 300 afterşok baş verib.