Ermənistanın beynəlxalq internet trafiki Azərbaycan üzərindən tranzit olunacaq

“AzerTelecom”dan yerli mediaya verilən məlumata görə, “Telecom Armenia”la bu barədə müqavilə imzalanıb.
Razılaşma çərçivəsində şirkət Ermənistan istiqamətində beynəlxalq internet trafikinin tranzitini öz infrastrukturu vasitəsilə təmin edəcək.
Bildirilib ki, əməkdaşlıq regionda internet bağlantısı marşrutlarının şaxələndirilməsinə, telekommunikasiya şəbəkələrinin dayanıqlığının artırılmasına və telekommunikasiya sahəsində regional əməkdaşlığın inkişafına xidmət edir.
Şirkətin açıqlamasına əsasən, yeni marşrutlar internet xidmətlərinin etibarlılığını artırmaqla yanaşı, mümkün texniki nasazlıqlar zamanı alternativ bağlantı imkanlarının formalaşdırılmasına şərait yaradacaq.
Bu razılaşma son aylarda iki ölkə arasında həyata keçirilən iqtisadi əməkdaşlıq layihələrindən biridir. Bundan əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı və avtomobil benzini ixrac edilməyə başlanılıb. Həmçinin Rusiya və Qazaxıstandan Ermənistana göndərilən taxıl və gübrənin bir hissəsi Azərbaycan ərazisindən tranzit daşınıb.
Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
2025-ci il avqustun 8-də isə 30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıb. Paraflanan sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını və qarşılıqlı iddiaların geri çəkilməsini nəzərdə tutur. ABŞ Prezidentinin iştirakı ilə görüşdə bəyannamə də imzalanıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradılacaq.