Finlandiya “Naftogaz”ın iddiası əsasında Rusiyanın 3,7 milyon avroluq aktivlərinə həbs qoyub

Finlandiyanın İcra Xidməti Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın iddiası əsasında Rusiyaya məxsus 3,7 milyon avro dəyərində aktivlərə həbs qoyub. Bu barədə qurumun mətbuat xidməti iyunun 2-də məlumat yayıb.

Məlumata görə, sözügedən vəsait Rusiya tərəfindən bir neçə il əvvəl Avropa İttifaqı ilə sərhədyanı əməkdaşlıq proqramının həyata keçirilməsi məqsədilə köçürülüb. Vəsait Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyinin hesabına daxil olsa da, layihə sonradan dayandırılıb.

Qərara əsasən, aktivlərə qoyulan həbs xüsusi qərar qəbul edilənədək qüvvədə qalacaq. Bildirilir ki, bu tədbir əmlak sahibinin həmin vəsaiti satmasının və ya başqa şəxslərə ötürməsinin qarşısını alır.

Finlandiya İcra Xidmətinin məlumatına görə, 2024-cü ildən etibarən Rusiyaya məxsus aktivlər üzrə ümumilikdə 40 milyon avrodan çox dəyərində əmlaka həbs qoyulub.

2024-cü ilin oktyabrında da “Naftogaz”ın iddiası əsasında Finlandiya hakimiyyəti Rusiyaya məxsus bir sıra obyektlərə, o cümlədən Rusiya səfirliyinə aid istirahət zonasına həbs qoymuşdu. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həmin qərarlara cavab olaraq bildirmişdi ki, Moskva bu addımları məhkəmə qaydasında mübahisələndirəcək.

2023-cü ilin aprelində beynəlxalq arbitraj məhkəməsi Rusiyanın Krımda “Naftogaz”a vurduğu zərər və itirilmiş əmlaka görə 5 milyard dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib. “Naftogaz” isə bəyan etmişdi ki, Rusiya ödənişi könüllü şəkildə həyata keçirmədiyi təqdirdə, qərar 1958-ci il Nyu-York Konvensiyasına əsasən müxtəlif ölkələrdə məcburi icraya yönəldilə bilər.