Ramil Babayev: “ Dedilər, aclığı dayandırmasan, digər məhbuslara qarşı münasibət daha da pisləşəcək”

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasında digər məhbuslara qarşı pis rəftarla hədələndiyini deyir. 

Ailə üzvlərinin "Toplum TV"-yə dediyinə görə, təcridxana rəhbərliyi aclıq aksiyası keçirən Babayevə xəbərdarlıq edib ki, aksiyanı dayandırmasa, digər məhbusların saxlanma şəraiti və onlara münasibət daha da pisləşdirilə bilər.

Yaxınlarının sözlərinə görə, Ramil Babayev bu barədə telefon danışığında məlumat verərkən zəng yarımçıq kəsilib.

Babayev isə aclıq aksiyasının əsas tələblərindən birinin məhbuslara qarşı pis rəftarın dayandırılması olduğunu vurğulayaraq aksiyanı davam etdirməkdə israrlı olduğunu bildirib.

Daha öncə aprelin sonunda aclıq aksiyasına başlamış R.Babayev 8 gün sonra aksiyasına müvəqqəti fasilə vermişdi. Babayev bunu Bakı İstintaq Təcridxanası rəhbərliyinin tələblərinin yarıdan çoxunu yerinə yetirməsi ilə izah etmişdi.

Lakin onun sözlərinə görə, rəis müavini Cavid Güləliyevin bir məhbusa işgəncə verdiyinin şahidi olduqdan sonra mayın 25-də aksiyanı bərpa edib.

Onun tələbləri arasında təcridxanada işgəncə hallarına və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması, cərimə kameralarında sanitar vəziyyətin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılmasının təmin olunması, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni iş üzrə həbs olunmuş “Toplum TV“ həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə icazə verilməsi və başqa tələblər var. 

O, həmçinin, Cavid Güləliyev barəsində Cinayət Məcəlləsinin işgəncə, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma və başqa bir neçə maddəsi üzrə araşdırma aparılmasını tələb edir.

Qeyri-iş günü olduğuna görə Penitensiar Xidmətdən məsələyə münasibət almaq mümkün olmayıb.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.