Ayətullah Sistaninin ofisi tərəfindən 74367 ailəyə nağd pul çatdırılıb

Böyük təqlid müctəhidi Ayətullah Seyid Əli Sistaninin Livandakı ofisinin rəhbəri Hacı Həmid əl-Xəffaf, cari ilin mart ayından etibarən Livandakı məcburi köçkünlərə yönəlmiş humanitar yardım kampaniyasının yekunlarına dair rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, genişmiqyaslı humanitar missiya çərçivəsində sığınacaq, qida və tibbi yardımlarla yanaşı, xüsusi elektron sistem vasitəsilə ehtiyac sahibi olan ailələrə birbaşa maliyyə dəstəyi təmin edilib. Aprelin 2-dən 9-nadək fəaliyyət göstərən rəqəmsal qeydiyyat platformasına daxil olan müraciətlərin yoxlanılmasından sonra, zəruri şərtlərə cavab verən 74367 ailəyə nağd pul vəsaitləri çatdırılıb və bununla da layihənin cari mərhələsi uğurla başa çatıb.

Ofis rəhbəri ali dini mərcəiyyətin çağırışına cavab verərək humanitar layihənin maliyyələşməsində misilsiz fədakarlıq nümayiş etdirən İraq xalqına, eləcə də missiyanın icrasında gecə-gündüz çalışan könüllü heyətə dərin minnətdarlığını bildirib. Əl-Xəffaf, mövcud böhran tamamilə aradan qalxana qədər Livan xalqına yönəlmiş yeni humanitar təşəbbüslərin imkanlar daxilində davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, 4 nəfərlik ailələrə 200 dollar (340 Azn), 4 nəfərdən çox ailələrə 300 dollar (510 Azn) birdəfəlik yardım edilib.