BƏƏ Netanyahunun səfər məlumatının yayılmasına görə İsrailə etiraz edib

Birləşmiş Ərəb Əmirlikləri İsrail hökumətinə ciddi etiraz mesajı ünvanlayıb.

Məlumata əsasən, narazılıq İsrail Baş naziri Benyamin Netanyahu-nun Əbu-Dabiyə gizli səfəri barədə məlumatın ictimaiyyətə açıqlanmasından sonra yaranıb.

İsrail kanalının siyasi müxbiri Qay Azriel bildirib ki, etiraz mesajı BƏƏ-nin İsraildəki səfiri Məhəmməd əl-Xaca tərəfindən birbaşa İsrail Milli Təhlükəsizlik Şurasına çatdırılıb.

Mənbələrin sözlərinə görə, BƏƏ tərəfi məlumat sızdırılmasından ciddi narazı qalıb.

İsrail kanalına danışan mənbə bildirib: “Əmirliklər çox qəzəblənib. Baş nazirin ofisindən belə məlumatların sızması ilk dəfə deyil. Məhz buna görə Netanyahu illərlə ora dəvət edilmirdi”.

Netanyahunun ofisi çərşənbə günü açıqlama yayaraq bildirib ki, İsrailin İranla müharibəsi dövründə Netanyahu BƏƏ-yə gizli səfər edib və Prezident Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Açıqlamada qeyd olunub ki, görüş iki tərəf arasında münasibətlərdə “tarixi dönüş nöqtəsi” yaradıb.

Kanal 12 telekanalının məlumatına görə, görüş martın 26-da Əl-Ayn şəhərində keçirilib. Şəhər Oman sərhədi yaxınlığında və İran sərhədindən təxminən 250 kilometr məsafədə yerləşir.

Bununla yanaşı, BƏƏ Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayaraq Netanyahunun ölkəyə səfər etməsi barədə xəbərləri “qəti şəkildə” təkzib edib.

Nazirlik bildirib ki, İsrail baş naziri müharibə dövründə BƏƏ-yə heç bir səfər həyata keçirməyib.