ABŞ-nin Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın son tarif tətbiqi qərarını qanunsuz elan edib

ABŞ-nin Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın son tarif tətbiqi qərarını qanunsuz elan edib.
Tramp fevralda xarici ölkələrin məhsullarına 150 gün müddətinə 10%-lik tarif tətbiq edilməsinə qərar vermişdi. O, qərarını 1974-cü ildə qəbul olunan ticarət qanunu ilə əsaslandırırdı. Həmin qanun xarici ticarətdəki kəsirləri aradan qaldırmaq və dolların dəyər itirməsinin qarşısını almaq üçün müvəqqəti tarif tətbiq etməyə icazə verir.
Məhkəmə isə mayın 7-də verdiyi qərarda yeni tariflərin köhnə qanunla əsaslandırıla bilməyəcəyini göstərib və kiçik sahibkarların lehinə qərar verib.
Tramp ilk dəfə ötən il aprelin 2-də bir neçə ölkədən alınan məhsullara yüksək səviyyəli tariflər elan edib. Çin məhsullarına 104, Kambodiya məhsullarına 49, Vietnam məhsullarına isə 46 faizlik tariflər tətbiq olunub. Avropa İttifaqı ölkələrindən idxal olunan məhsullara 20 faizlik, Azərbaycan da daxil olmaqla əksər ölkələrə isə minimum 10 faizlik tariflər tətbiq olunub.
Bu il fevralın 20-də isə ABŞ Ali Məhkəməsi tarifləri qanunsuz hesab edib. Hakimlər bildirib ki, ABŞ Konstitusiyasına əsasən, tariflərin tətbiqinə prezident yox, Konqres qərar verə bilər.
Tramp bundan sonra 1974-cü ildəki qanuna istinad edərək yeni tariflər tətbiq edib.