Livan müqaviməti İsrailə görünməmiş hücum həyata keçirdi

Livan Hizbullahı İsrailə qarşı görünməmiş bir əməliyyat həyata keçirib.

Belə ki, saat 09:40-da Cənubi Livanda sərhəddə yerləşən Tayyibə qəsəbəsində İsrail əsgərlərinin cəmləşdiyi ərazi pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alınıb. Bu hücumdan sonra bölgədə hərbi əməliyyatın xarakterini müəyyən edən əsas məqam yaşanıb: İsrail ordusunun yaralıları çıxarmaq üçün göndərdiyi təxliyyə qrupu bölgəyə çatdıqda, Hizbullah tərəfindən ikinci bir PUA zərbəsi endirilib.

Hizbullahın bu taktikası, təxliyyə prosesini pozmaq və xilasetmə qüvvələrini birbaşa hədəfə almaq məqsədi daşıyıb. Ardıcıl şəkildə həyata keçirilən bu ikinci hücum zamanı təxliyyə qrupuna ciddi ziyan vurulub və “dəqiq yaralanmalar” baş verib. İsrail ordu radiosu da hadisəni təsdiqləyərək, təxliyyə zamanı xilasedicilərə qarşı iki əlavə PUA hücumunun təşkil edildiyini və hətta təxliyyə helikopterinin də hədəfə alınmağa çalışıldığını bildirib.

İsrail ordu radiosu Cənubi Livanın Tayyibə qəsəbəsində Hizbullahın həyata keçirdiyi qarışıq pusqunun təfərrüatlarını çatdıraraq, bir əsgərin öldüyünü, 4-ü ağır olmaqla, 6 əsgərin yaralandığını bildirib.