“Dövlətdən kənar dövlət” – 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası (6-cı hissə – yekun)

Cümə günü problemi – müqəddəs günün qarşısı hiylə ilə alınır

Müəssisə rəisi Şəfahət Abbasov müsəlmanların müqəddəs günü olan cümə gününə açıq-aşkar düşmənçilik etməsə də, bunu dolayı yollarla həyata keçirir. Cümə günü sübh namazından sonra suları bağlatdırır, axşam açır. Dindarlar etiraz etdikdə isə bəhanə olaraq “Azərsu”nun su vermədiyini bildirir. Hər cümə bu halın təkrarlanması, vəziyyətin məqsədli şəkildə yaradıldığına əminlik yaradır. Eyni zamanda həmin gün qaz və işığı da kəsərək məhkumları məişət işləri ilə məşğul edib cümə namazından yayındırır.

Dini təhsil problemi – “buranı mədrəsəyə çevirmək istəyirsiniz?”

Şəfahət Abbasov elmin, maarifin yayılmasına qarşıdır. Onlarla tələbə, ruhani və yüzlərlə din dustağının olduğu müəssisədə təhsil-tədrisin olması labüddür. Dindarların boş vaxtlarını sərfəli keçirmək üçün elm öyrənməsi Abbasovu narahat edir. Müəllim tələbələrə deyir: “Buranı mədrəsəyə çevirmək istəyirsiniz? Oxuyub İran mollaları olacaqsınız?” – və bununla da onları karcer, kiritka, yerinin dəyişdirilməsi ilə hədələyir. Adi Quran dərslərinə belə qarşı olan şəxsin nə qədər haramxor olduğu isə aydın məsələdir.

Əzadarlıq – Məhərrəm problemi

Çöldə Məhərrəm və Aşura qadağalarını aşaraq əzadarlıq edən şəxslərə indi də zindanda repressiya edilir. Mərsiyə deyənlərə, məddahlara “sakit olmaları” tapşırılır. Lakin dindarlar bunu nəzərə almayaraq əzadarlıq məclisləri keçirirlər. Bunun səhərisi gün Şəfahət Abbasov şamdakı qoşunu ilə reydlərə başlayır: məddahlar karcerə salınır, aktiv şəxslərin korpusu dəyişdirilir, aparıcı şəxslər kiritkaya göndərilir.

Dindarların ən çox istifadə etdiyi əşya və ərzaqlara qadağa

Ramazan ayına az qalıb. İftar və imsakda ən çox istifadə olunan ərzaq – xurma – heç bir səbəb olmadan qadağan edilib. Müəssisə daxilindəki dükanlarda xurma 2-3 dəfə baha satılır. Dindarlar məcbur qalıb daha baha qiymətə alırlar. İkinci qadağa isə ətirdir – dindarların ən çox istifadə etdiyi digər əşya. Bu cür özbaşına hərəkətlərlə dindarlar qıcıqlandırılır, onlara mənəvi və psixoloji təzyiqlər göstərilir.

(Silsilənin sonu)