“Newsweek”: 70 ildən sonra “Süveyş dərsi”

Tarixi paralel: Süveyş böhranı

“Newsweek” jurnalının təhlilinə görə, ABŞ prezidenti Donald Trampın Avropaya qarşı narazılığı yeni deyil və kökləri 1956-cı ildə baş verən Süveyş böhranı dövrünə gedib çıxır.

Həmin dövrdə Böyük Britaniya və Fransa Misirə qarşı hərbi əməliyyatlarda ABŞ-dan dəstək gözləyirdi. Lakin Vaşinqton bu addımı dəstəkləmək əvəzinə neytral mövqe tutaraq atəşkəsə çağırış etmişdi.

Məqalədə qeyd olunur ki, hazırkı vəziyyətdə rollar tamamilə dəyişib. Bu dəfə ABŞ İranla bağlı qarşıdurmada Avropa müttəfiqlərindən dəstək istəyir.

Lakin Böyük Britaniya və Fransa başda olmaqla bir sıra Avropa ölkələri bu çağırışa ehtiyatla yanaşır və bəzi hallarda açıq şəkildə iştirakdan imtina edir.

Donald Tramp NATO ölkələrini Hörmüz boğazında təhlükəsizliyin təmin olunması və İrana qarşı siyasətdə daha aktiv iştirak etməyə çağırıb. Lakin bu çağırış gözlənilən nəticəni verməyib.

“Newsweek” yazır ki, bu vəziyyət ABŞ-ın liderlik imkanlarının Avropa dəstəyi olmadan məhdud olduğunu göstərir.

 

“Süveyş dərsi”nin yeni versiyası

Jurnalın təhlilinə görə, əgər 1956-cı ildə Avropa ABŞ-ın dəstəyinə ehtiyac duyurdusa, indi əksinə, ABŞ Avropanın dəstəyini əldə edə bilmir.

Bu mənada İran ətrafında yaranan böhran “Süveyş dərsi”nin yeni və tərsinə çevrilmiş versiyası kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, bu vəziyyət transatlantik münasibətlərdə fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Avropa ölkələri hərbi eskalasiyadan çəkinərək daha çox diplomatik yanaşmaya üstünlük verir.

“Newsweek”in qənaətinə görə, 70 il əvvəl baş verən hadisələrin əks-sədası bu gün də hiss olunur. Lakin bu dəfə güc balansı və siyasi rollar dəyişib.

Bu vəziyyət beynəlxalq münasibətlərdə yeni dinamikanın formalaşdığını və müttəfiqlər arasında əvvəlki kimi vahid mövqenin olmadığını göstərir.