Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin ölkəsinə təhlükəsizlik zəmanətləri əvəzində Donbasdan çəkilməyi təklif etdiyini bildirib.
O, bunu martın 25-də "Reuters" agentliyinə müsahibəsində deyib.
"Amerikalılar Ukrayna Donbasdan geri çəkilməyə hazır olduqdan sonra bu zəmanətləri yüksək səviyyədə yekunlaşdırmağa hazırdırlar", - o qeyd edib.
Zelenski xəbərdarlıq edib ki, geri çəkilmə Ukraynanın və dolayısı ilə Avropanın təhlükəsizliyini zəiflədə bilər, çünki "regionun güclü müdafiə mövqeləri Rusiyaya verilmiş olar".
“Çox istərdim ki, Amerika tərəfi başa düşsün ki, ölkəmizin şərq hissəsi də bizim təhlükəsizlik zəmanətlərimizin bir hissəsidir", - o əlavə edib.
2022-ci ilin fevralında Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, Donbasın tam nəzarətə götürülməsi onun müharibə məqsədlərinin əsas hissəsidir.
Lakin son iki il ərzində Rusiyanın Donbasda irəliləyiş tempi zəif olub. Hərbi analitiklər bildirirlər ki, Ukrayna ordusu tərəfindən möhkəmləndirilmiş “qala xətti”nin də daxil olduğu bütün Donbası ələ keçirmək uzun vaxt və xeyli sayda canlı qüvvə tələb edə bilər.
Zelenski yanvarda demişdi ki, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd “tamamilə hazırdır” və imzalanmağı gözləyir.
Lakin o, martın 24-də bildirib ki, bu mövzuda hələ görüləsi işlər qalır.
ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti əvəzinə Donbasdan geri çəkilməyi təklif edir