Ailələr inanclılardan xəbər ala bilmir

İnanclılar İsmayıl, Cavid və Nihad birlikdə axşam görüşüblər. İftardan sonra çay süfrəsi arxasında əyləşən şəxslərlə bundan sonra əlaqə saxlamaq olmayıb. İnanclılardan biri Məmmədov İsmayıl Qoşqar oğlunun ailəsi bildirir ki, martın 3-də İsmayıl, Cavid və Nihad iftardan sonra birlikdə çayxanalardan birində olublar.

Bir saatdan sonra çayxananı tərk edən inanclıların hara getmələri bəlli deyil.Dünən gecədən hər üç gəncin telefonu söndürülüb və harada olduqlarını müəyyən etmək olmur.
Ailə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də müraciət edib. Lakin bu ana qədər onlardan heç bir xəbər ala bilməyiblər.
Bu tip hallar artıq dəfələrlə təkrarlanaraq günahsız insanların şərlənib həbs olunması kimi hadisələri özündə ehtiva etdiyindən ailə ərazi polis bölmələrinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə belə müraciət edib. Lakin “yoxa çıxan” inanclılar haqqında heç bir məlumat ala bilməyib.
Xatırladaq ki, hər üç inanclı yaxın dostlardır və 8-ci mikrarayon ərazisində yerləşən “İmam Məhdi” məscidində ibadətlə məşğul olublar.