"Heç bir təzyiq, təqib və həbs bizi mübarizədən çəkindirə bilməz"

Əli Kərimli cəbhəçilərə çağırış və təşəkkür etdi
AXCP lideri Əli Kərimli son günlərdə yenidən bir neçə nəfər partiya fəalının həbs olunmasına münasibət bildirib. O, ailəsi vasitəsi ilə ictimaiyyətə bunları çatdırıb:
"Öyrəndim ki, son 2 həftədə 4 nəfər AXCP üzvü 15-30 sutka müddətinə inzibati həbs cəzası alıb. Həbs olunduğum 2 aydan bir az çox vaxtda artıq Xalq Cəbhəsinin 3 üzvü şərlənərək cinayət məsuliyyətinə cəlb edilib, azı 7 nəfər inzibati qaydada həbs olunub, daha bir neçə nəfər polisə aparılaraq saxlanılıb və hədələnib. Bu onu göstərir ki, mənim həbsimdən sonra da hökumətin əsas hədəfi Xalq Cəbhəsi və onun strukturları, cəbhəçilərdir. Hökumət hesab edir ki, azad mətbuatın nümayəndələrini, vətəndaş cəmiyyətinin təmsilçilərini kütləvi şəkildə həbs etdikdən, ölkənin demokratik qüvvələrinə ciddi zərbə vurduqan sonra əsas müqavimət göstərən təşkilatlanmış qüvvə - Xalq Cəbhəsi yenidən onun əsas hədəfi olmalıdır. Ona görə də Xalq Cəbhəsinə qarşı sistemli şəkildə repressiya aparılır. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bu çətin, qeyri-bərabər mübarizədə cəbhəçiləri tək qoymamalıdır. Burda artıq söhbət cəbhəçilərin taleyindən yox, bütövlükdə Azərbaycanın taleyindən gedir. Azərbaycanı tam susdurmaq üçün cəhdlər edilir və cəbhəçilər buna qarşı son müqavimət qalası kimi canları və azadlıqları bahasına mübarizəni davam etdirirlər.
Mən əqidədaşlarımdan əminəm, bilirəm ki, indiyə qədər çox repressiya dalğalarını adlatdığımız kimi, bu dalğanı da aşıracağıq. İnanıram ki, heç bir təzyiq, təqib, hətta uzunmüddətli həbslər də biz cəbhəçiləri Azərbaycanın azadlığa, demokratiyaya, firavanlığa qovuşması uğrunda mübarizədən çəkindirə bilməz.
Mən cəbhəçi əqidədaşlarıma göstərdikləri bu mərdliyə, mübarizliyə, təəssübkeşliyə, əzmə görə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, bütün bu repressiya dalğalarını birlikdə dəf edəcəyik".