İlahiyyatçı Toğrul Nuriyevdən Trampın Ayətullah Seyid Əli Xamenei barədə təhdidlərinə sərt reaksiya

İlahiyyatçı Toğrul Nuriyev ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı səsləndirdiyi təhdid xarakterli açıqlamaları qətiyyətlə pisləyib.

Toğrul Nuriyev bildirib ki, bu cür ifadələr təkcə bir dövlət rəhbərinə deyil, bütün müsəlman dünyasının dini və mənəvi dəyərlərinə yönəlmiş açıq hörmətsizlikdir:

“Şiə məzhəbində müctəhidlər, xüsusilə də ‘Vəliyyi-Fəqih’ məqamı qırmızı xətdir və bu məqam heç bir ölkənin ərazi sərhədləri ilə məhdudlaşmır. Bu, sırf siyasi vəzifə deyil, ümmətin dini rəhbərliyini təmsil edən ali bir mövqedir.”

İlahiyyatçı vurğulayıb ki, Ayətullah Seyid Əli Xamenei yalnız İran İslam İnqilabının rəhbəri deyil, eyni zamanda yüz milyonlarla müsəlmanın rəhbəri və təqlid mərkəzidir:

“Ali Məqamlı Rəhbərə qarşı səsləndirilən hər bir təhdid bütün İslam dünyasına qarşı edilmiş təhqir kimi dəyərləndirilməlidir. Bu cür məsuliyyətsiz bəyanatlar bölgədə gərginliyi artırır, sülh və sabitliyə zərbə vurur.”

Toğrul Nuriyev beynəlxalq ictimaiyyəti Müctəhidlərə qarşı təhdid və təzyiq dilindən imtina etməyə çağıraraq qeyd edib:

“Müctəhidlərə qarşı aqressiv ritorika qarşıdurmanı dərinləşdirir və xalqlar arasında nifrəti körükləyir. Buna əsasən, baş verəcək hər hansı xoşa gəlməz hadisələrin bütün məsuliyyəti müctəhidləri təhdid edən şər qüvvələrin üzərinə düşür.”

Sonda ilahiyyatçı müsəlman ictimaiyyətini ayıq-sayıq olmağa və heç bir sərhədlə məhdudlaşmayan müctəhidlərin, xüsusilə Ali Məqamlı Rəhbərin müdafiəsinə çağırıb.