AXCP-nin iki üzvü inzibati həbs edilib

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon şöbəsinin üzvü Teymur Salahov və Yevlax rayon şöbəsinin üzvü Şamil Cəfərovun son həftələr inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Partiyadan deyildiyinə görə, T.Salahov yanvarın 17-də Göyçay rayon polis şöbəsinə çağırılıb. Açıqlamaya görə, bölməyə gedən fəal sosial şəbəkədə yazdığı rəylə bağlı saxlanılaraq 10 sutka inzibati həbs edilib.
AXCP-dən əlavə edilib ki, Ş.Cəfərov isə eyni səbəblə yanvarın 19-da evindən aparılıb. Ona isə 15 sutka verildiyi bildirilir.
Hər iki şəxsin konkret olaraq İnzibati Xətalar Məcəlləsinin hansı maddələri ilə təqsirləndiyi açıqlanmayıb. Məsələni Daxili İşlər Nazirliyi və məhkəmələrdən dəqiqləşdirmək mümkün olmayıb.