İsrail ordusu Quneytra kəndlərinə yenidən basqın edib

İsrail ordusu yanvarın 14-də (bu gün) Suriyanın cənubunda yerləşən Quneytra bölgəsindəki kəndlərə yeni hücum həyata keçirərək ölkə suverenliyinə qarşı növbəti pozuntuya yol verib.

Bu barədə məlumatı Suriyanın SANA xəbər agentliyi yayıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən danışıqlardan sonra yayımlanan üçtərəfli bəyanata görə, ayın əvvəlində Suriya ilə İsrail arasında artan hərbi gərginliyin azaldılması və koordinasiyanın asanlaşdırılması məqsədilə ABŞ nəzarəti altında kommunikasiya mexanizminin yaradılması barədə razılaşma əldə olunub.

Buna baxmayaraq, İsrail qüvvələri yenə də Suriyanın ərazilərinə qeyd edilən razılaşmaya zidd olaraq hücum təşkil edib.

İsrail qüvvələri hər gün Suriya ərazisi olan xüsusilə Quneytra kəndlərinə daxil olaraq nəzarət-buraxılış məntəqələri qurmaq, mülki şəxsləri sorğu-sual etmək, saxlamalar aparmaq və əkin sahələrinə ziyan vurmaq kimi hərəkətlər törədir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra, 1974-cü ildə Suriya və İsrail arasında imzalanan sazişi pozaraq bufer zonanı ələ keçirib və Suriyanın Colan təpələrindəki işğalını genişləndirib.