Silahsızlaşdırma İsrail planıdır

 “Livan bu gün fırtınanın mərkəzindədir”

Hizbullahın baş katibi Həzrət Hüccətülislam və müsəlmanların alimi Şeyx Nəim Qasim bildirib ki, Livan hazırda ciddi və taleyüklü mərhələdən keçir. Onun sözlərinə görə, ölkədəki qeyri-sabitliyin əsas səbəbi ABŞ-ın hegemon siyasəti və sionist düşmənin təcavüzkar davranışlarıdır. Şeyx Qasim vurğulayıb ki, ABŞ Livanda korrupsiyanı himayə edir, fitnələr yaradır, sanksiyalar tətbiq edir və dövlət institutlarının bir çox sahələrinə nəzarət göstərir.

Bu fikirlər Hizbullahın qurucu komandirlərindən olan şəhid Hacı Məhəmməd Yaği – “Əbu Səlim”in anım mərasimində səsləndirilib.

 

“Hizbullahın fəaliyyəti təmiz və şəffaf olub”

Şeyx Qasim çıxışında Hizbullahın parlament və hökumət fəaliyyətində “təmiz əllə” çalışdığını, hakimiyyətlə münasibətlərdə və xalqa xidmətdə şəffaf mövqe tutduğunu bildirib. Onun sözlərinə görə, partiyanın keçdiyi yol siyasi fəaliyyət, dövlət quruculuğu, müqavimət və azadlıq baxımından parlaq tarixə malikdir.

O qeyd edib ki, Livan tarixi bir yol ayrıcındadır: ya ölkə tam şəkildə ABŞ və sionist rejimin nəzarətinə veriləcək, ya da xalq suverenliyini, torpaqlarını və vətənini geri almaq üçün ayağa qalxacaq.

Hizbullahın baş katibi “silahsızlaşdırma” layihəsi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, bu təşəbbüs istər “silahın yalnız dövlətə məxsus olması” adı altında təqdim edilsin, istərsə də başqa formada, mahiyyət etibarilə ABŞ–İsrail planıdır. Onun sözlərinə görə, bu layihənin məqsədi Livanın hərbi gücünü zəiflətmək, müqaviməti sıradan çıxarmaq və cəmiyyətin mühüm bir hissəsinin maliyyə və sosial imkanlarını məhv etməkdir.

Şeyx Qasim vurğulayıb ki, bu planın son hədəfi müqaviməti bitirmək, Livanın bir hissəsini işğal etmək, qalanını isə ABŞ və İsrailin idarə etdiyi alətə çevirməkdir.

 

“Livan dövləti düşmənin polisi deyil”

Şeyx Qasim İsrailin atəşkəs razılaşmasına əməl etmədiyini, Livan ərazisinə müxtəlif üsullarla daxil olaraq qətllər törətdiyini bildirib. O qeyd edib ki, müqavimət atəşkəs razılaşmasının şərtlərinə sadiq qalıb.

O, təqaüddə olan zabit Əhməd Şükrün Livan ərazisindən qaçırılması hadisəsini xatırladaraq, bunun dövlət suverenliyinə açıq təcavüz olduğunu deyib. Şeyx Qasim vurğulayıb ki, Livan ordusunu Litani çayının cənubunda “silahsızlaşdırma” planını icra etməyə məcbur etmək cəhdi daxili fitnə və qarşıdurma yaratmaq məqsədi daşıyırdı.

Onun sözlərinə görə, Livan dövləti İsrailin təhlükəsizlik orqanı rolunu oynamaq məcburiyyətində deyil. Əksinə, İsrailin havadan, qurudan və dənizdən hücumları dayandırılmalı, tam geri çəkilmə, əsirlərin azad edilməsi və cənubun bərpası prioritet olmalıdır.

Şeyx Qasim bildirib ki, İsrail müharibə ilə hədələyə bilər, lakin məqsədlərinə nail olmayacaq. O vurğulayıb ki, müqavimət möhkəm dayanacaq, müdafiə olunacaq və gec-tez öz hədəflərinə çatacaq.

“Ən güclü vasitələrinizdən istifadə edin, biz geri çəkilməyəcəyik, təslim olmayacağıq və torpağımızı müdafiə edəcəyik”, – deyə o əlavə edib.

Hizbullahın baş katibi qeyd edib ki, partiya 400 min evin sığınacaqla təmin olunmasına və bərpasına nail olub, müqavimətlə xalq arasında ixtilaf yaratmaq cəhdləri isə uğursuzluğa düçar olub.

O, Hizbullahla “Əməl” hərəkatı arasındakı münasibətlərin möhkəm olduğunu, iki tərəfin birlikdə hərəkət edəcəyini bildirib. Şeyx Qasim vurğulayıb ki, Livanda təhlükəsizliklə bağlı istənilən həll İsrailin razılaşmanı icra etməsi, işğala son qoyması və pozuntuları dayandırmasından sonra mümkündür. Bundan sonra milli maraqlara uyğun “milli təhlükəsizlik strategiyası” müzakirə edilə bilər.

 

“Cənub gedərsə, Livan qalmaz”

Çıxışının sonunda Şeyx Qasim livanlılara müraciət edərək bildirib ki, cənub itirilərsə, Livanın özü də təhlükə altına düşər. O, milli birlik çağırışı edərək qeyd edib ki, ölkə hamı üçün bir gəmidədir və bu fırtınadan yalnız birliklə çıxmaq mümkündür.

Şeyx Qasim mərasimdə Hacı “Əbu Səlim”in Hizbullah daxilində müxtəlif rəhbər və təşkilati vəzifələr daşıdığını, iki çağırış parlament fəaliyyətində iştirak etdiyini xatırladıb. O bildirib ki, 1982-ci ildən vəfatına qədər “Əbu Səlim” müxtəlif mövqelərdə fəal olub, cihadçı müqavimət yolunun ayrılmaz hissəsinə çevrilib.

Onun sözlərinə görə, Hacı “Əbu Səlim” imanlı, cəsur, yüksək sosial məsuliyyət hissinə malik bir şəxs idi və həyatını insanların dərdi ilə yaşayıb. Şeyx Qasim qeyd edib ki, Hizbullahın kökləri Bəəlbək–Hirmil bölgəsindən başlayır və bu bölgə cənubun və bütün Livanın müdafiəsində ön sırada olub.