Dekabrın 12-də 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində AXCP üzvü Elbəyi Kərimlinin intihar etdiyi xəbərləri yayıldı.
Elbəyi Kərimli 2023-cü ilin avqust ayında Heydər Əliyevin heykəlinə “Stalin” yazdığı üçün narkotik ittihamı ilə həbs olunmuş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Fəalın Heydər Əliyevin anım günündə ölümü birmənalı qarşılanmayıb; bəzi şəxslər onun sui-qəsd nəticəsində öldürülməsi ehtimalını istisna etmir. Həmçinin, Elbəyi Kərimlinin valideynləri olmadığı üçün səssiz dəfn olunub və bir müddət dəfn yeri belə məlum olmayıb.
Bu hadisə Azərbaycanın müstəqillik dövründə həbsxanalarda həyatını itirən siyasi məhbuslar mövzusunu yenidən aktuallaşdırıb. Azərbaycan Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri Arif Yunus Meydan TV-yə bildirib ki, xüsusi olaraq siyasi məhbuslar üzərində tədqiqat aparmasa da, hər il həbsxanalarda vəfat edənlərin statistikası toplanır.
“İşgəncələr nəticəsində həbsxanalarda orta hesabla ildə 10 nəfər həyatını itirirdi. Bəzən 8, bəzən 9, bəzən 10. Həbsxanalarda vəziyyət çox ağırdır. Azərbaycan hakimiyyətinin Avropa Şurası ilə münasibətlərində problemlər yaranana qədər Ədliyyə Nazirliyi bu quruma məhkumlarla bağlı rəsmi məlumat göndərirdi. Son rəsmi rəqəm 2024-cü il yanvarın 1-nə qədər 27 min məhkum idi”, – Arif Yunus qeyd edib.
O, əlavə edib ki, həqiqi rəqəmlər bundan da yüksək ola bilər və buna həbsxanalardan gələn qeyri-rəsmi məlumatları misal göstərir:
“Kameralarda həddindən çox adam olur, hətta yatmağa növbə tuturlar. Siyasi məhbuslar cəmi 1 faiz təşkil edir. Həbsxanada siyasi məhbuslara diqqətli yanaşırlar, amma bu, onlara qarşı zorakılıq edilmədiyi mənasına gəlmir. Adi məhbuslara isə istədiklərini edirlər. Siyasi məhbuslar aktivdir, yazır, məlumat yayır; adi məhbuslar isə qorxudulduğu üçün susurlar”.
İşgəncələr nəticəsində həbsxanalarda orta hesabla ildə 10 nəfər həyatını itirir