Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə həbs olunan inanclı xanımların həbs müddətinin uzadılmasına etiraz edib. O, bunu hakimiyyətin inanca qarşı planlı təxribat addımı kimi dəyərləndirərək məsələ ilə bağlı etirazın zəruriliyini vurğulayıb.
“İnanc sahibi xanımlara qarşı başladılan bu məkrli plan, mahiyyət etibarilə, hakimiyyət tərəfindən idarə olunan bir din modelinin zorla qəbul etdirilməsindən başqa bir şey deyil. Mübariz xanımların fiziki və psixoloji təzyiqlərlə üzləşdirilməsi onların sınmayan iradə, inam və əqidələrinin bariz nümunəsidir ki, hakimiyyət bunu onlara bağışlaya bilmir.
Ölkədə dini dəyərlərə qarşı yönələn addımları Zeynəb (s.ə.) ruhu ilə rədd edən bu xanımların ifşaedici mövqeyi, hakimiyyətin onlara qarşı bu gün sərgilədiyi amansız davranışlarla nəticələnib. Hakimiyyət İsrailə müsəlman qanı axıtmaq üçün neft tədarük etdiyi bir vaxtda saxlanılan mübariz xanımlar Fələstinə dəstək addımları ilə dünyaya Azərbaycan xalqının əsl istəyini göstərmiş oldular.
Bu gün biz iffətli bacılarımızın qaldırdığı həqiqət bayrağını daha da ucaldmalı, azadlıq çağırıcıları üçün əlimizdən gələn hər şeyi etməliyik. İlk növbədə, hər həftənin müəyyən bir gününü qeyrətli bacılarımıza həsr etməli, onların azadlığı təmin olunana qədər bu istiqamətdə birgə və ardıcıl tədbirlər həyata keçirməliyik.
Beləliklə, həm hakimiyyətin həbs yönümlü addımlarına etiraz etmiş, həm də xanımların başladığı müqəddəs missiyanı davam etdirmiş olarıq. Bu işdə bütün dəyərli bacı və qardaşlarımızı fəallıq və qətiyyət göstərməyə çağırırıq.
Güc və qüdrət Allahdandır.”
Tale Bağırzadə
Umbakı ciddi-qapalı rejimli müəssisə
19 noyabr 2025-ci il.
Hacı Tale Bağırzadə: İffətli xanımların azad olunduğu günə qədər dayanmaq olmaz!