Əkrəm İmamoğluna 2 min ildən çox həbs cəzası istənilib

Noyabrın 11-də Türkiyədə prokuror İstanbulun həbsdə olan keçmiş meri Əkrəm İmamoğluna 2 min ildən çox həbs cəzası tələb edib. O, dövlətə milyardlarla lirə zərər vurduğu iddia edilən genişmiqyaslı korrupsiya şəbəkəsinə rəhbərlikdə suçlanır. “Reuters” xəbəri əldə etdiyi ittiham aktına əsasən yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İmamoğlu indiyədək bütün ittihamları rədd edib, siyasi motivli adlandırıb. Onun təmsil olunduğu CHP müxalifət partiyası son iddiaların “cəfəngiyat” olduğunu bildirir.

İstanbul Baş Prokuroru Akın Gürlek mətbuat konfransında ittiham aktını açıqlayıb. Sənəddə 402 nəfərin, o cümlədən keçmiş merin adının yer aldığını, onların cinayətkar təşkilat yaratmaqda, rüşvət, dələduzluq və tender pozuntularında ittiham olunduğunu deyib. Gürlek bu şəbəkə 10 il ərzində Türkiyə dövlətinə 160 milyard lirə (təxminən 3,8 milyard dollar) zərər vurduğunu bildirib.

CHP-nin İstanbul təşkilatının rəhbəri Özgür Çelik X platformasında yazıb ki, ittiham aktı “mənasız” və “utancvericidir”. Onun sözlərinə görə, məqsəd İmamoğlunun Türkiyə prezidenti olmaq ümidlərini məhv etməkdir.

İstanbul bələdiyyəsi, İmamoğlunun vəkilləri mətbuatın şərh sorğularına cavab verməyiblər.

Bu arada İstanbul prokuroru Ali Məhkəməyə müraciət edərək CHP-nin bağlanmasını tələb edib. Prokurorluq müraciətində partiyanın qanunsuz vəsaitlərlə maliyyələşdirildiyini, fəaliyyətinin “qadağan olunmuş hərəkətlər”dən ibarət olduğunu iddia edib.

İmamoğlu martdan bəri korrupsiya ittihamı ilə həbsdədir. İyulda ona şəhər baş prokurorunu təhqir və hədələməyə görə ayrıca həbs cəzası alıb. Hökmdən apelyasiya şikayəti verilib.

Hökumət ittihamların siyasi motivli olmasını iddiasını rədd edir, Türkiyə məhkəmələrinin müstəqil olduğunu bildirir.