Norveç Baş Nazirinin “Holokost” tədbirinə qatılmaması İsrailin etirazına səbəb olub

İsrailin etirazının səbəbi

İsrail, Norveçin baş naziri Yunas Qar Sturenin Osloda keçirilən antirasizm tədbirinə qatılmasına görə narazılığını ifadə edib. Sözügedən tədbir “Norveç – Fələstin Komitəsi”nin dəstəyi ilə təşkil olunub və “İsrail”in bu iştirakdan kəskin narahatlıq keçirdiyi bildirilir.

Eyni gün Osloda “Holokost”un ildönümünə həsr olunan iki ayrı tədbir keçirilmişdi: biri Norveç yəhudi icmasının təşkil etdiyi rəsmi anım mərasimi, digəri isə irqçiliyə qarşı dayanışma məqsədli aksiya idi. Baş nazir Sture ikinci tədbiri seçərək, yəhudi icmasının mərasimində iştirak etməmişdi.

 

Təl-Əvivdən sərt ittihamlar

İsrail Xarici İşlər Nazirliyi Stureni “İsrailə düşmən münasibət göstərməkdə və antisemitizmi təşviq etməkdə” ittiham edib. Nazirliyin bəyanatında qeyd olunub ki, “Norveç hökuməti ölkəsindəki yəhudiləri qorumaq üçün kifayət qədər addım atmır”.

Rəsmi Təl-Əvivin iddiasına görə, Sturenin seçimi “Holokost qurbanlarının xatirəsinə hörmətsizlik” kimi qiymətləndirilib.

Norveç Baş Nazirliyinin sözçüsü və dövlət katibi Kristoffer Thoner İsrailin iddialarını “tamamilə əsassız və məntiqsiz” adlandırıb. O bildirib ki, Norveç hökuməti antisemitizmə qarşı mübarizədə ardıcıl və prinsipial mövqe tutur.

Thoner deyib: “Bizim məqsədimiz odur ki, Norveçdə yaşayan bütün yəhudilər özlərini təhlükəsiz hiss etsinlər. Baş nazirin mövqeyi həmrəylik və insan hüquqlarına hörmət üzərində qurulub.”

 

Sturenin cavabı: “Yəhudi vətəndaşlarımızın yanındayıq”

Baş nazir Yunas Qar Sture “X” platformasında paylaşım edərək bildirib ki, hökumət “Norveçdəki yəhudi vətəndaşların təhlükəsizliyi üçün bütün səyləri göstərir”. O, həmçinin antisemitizm və irqçiliklə mübarizənin hökumətin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

İsrailin bu reaksiyası Sturenin son aylarda Qəzzada baş verən hadisələrlə bağlı sərt çıxışlarından sonra gəlib. Norveç baş naziri dəfələrlə İsrailin Qəzzada “kütləvi qırğınlar törətdiyini” və humanitar yardımların qarşısını aldığını açıq şəkildə tənqid edib.

Siyasi müşahidəçilər hesab edirlər ki, Təl-Əvivin bu dəfəki etirazı həm də Sturenin Qəzza məsələsində tutduğu sərt mövqeyə yönəlik siyasi cavab xarakteri daşıyır.