Tbilisidə etirazçıları saxlayıblar

Tbilisidə polis Rustaveli prospektində parlament qarşısında etiraz aksiyası iştirakçılarından azı 25-ni saxlayıb. Onların arasında 2019-cu ildə Tsxinvali bölgəsində sərhəd xəttində saxlanılaraq 48 gün həbsdə qalan həkim Vaja Qaprindaşvili də var.

"Exo Kavkaza" xəbər verir ki, axşam saat 8 radələrində bir neçə nəfər yolun ortasına çıxıb: yazıçı İrakli Lomuri gətirdiyi stulda əyləşib, başqa bir iştirakçı isə birbaşa asfalta oturub. Polis yolu boşaltmağı tələb edib. Bu an aksiyanın iştirakçılarından biri polis maşınının üstünə çıxıb, sonra düşüb.

Əraziyə əlavə polis qüvvələri gətirilib, saxlanılanlar olub. Polis səkilər boyunca baryerlər qurub, nümayişçilərin yola çıxmasına icazə verməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi təxminən 20 nəfərin inzibati qaydada saxlanıldığını bildirir. Polis maşınının üstünə çıxan bir qadının polis əməkdaşını təhqir etdiyi bildirilir, xuliqanlıq maddəsi ilə saxlanılıb. Nazirlik etirazçıları qanun pozuntusundan çəkinməyə çağırıb.

Gürcüstanda Avropayönümlü etirazlar 330 gündən çoxdur davam edir. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini, həbs olunan aksiya iştirakçılarının azad olunmasını tələb edirlər. Nümayişlər ötən il noyabrın sonunda baş nazir İrakli Kobaxidze avrointeqrasiya prosesinin 2028-ci ilə qədər dayandırdığını bəyan edəndən sonra başlayıb.

Gürcüstanda 4 oktyabr yerli özünüidarəetmə seçkilərindən sonra da mitinq keçirilib, saxlananlar olub. Bəzi etirazçılar prezident sarayına girməyə çalışıblar.