İsrail ordusunun açdığı atəş nəticəsində 10 yaşlı uşaq şəhid olub

İsrail ordusunun açdığı atəş nəticəsində işğal altında olan Qərb sahilində, Həbronun cənubundakı ər-Rihiyə kəndində 10 yaşlı fələstinli uşaq – Məhəmməd əl-Həllaq öldürülüb.
Hadisə cümə axşamı baş verib.
İsrail ordusu açıqlamasında əsgərlərin “qarşıdurma və daş atma”ya cavab olaraq atəş açdığını bildirib.
Kənd sakinlərinin sözlərinə görə, Məhəmməd və dostları məktəbin həyətində futbol oynayırmış. Onlar hərbi maşınları görəndə qorxaraq qaçmağa başlayıblar.
“Bu normaldır, uşaqlar qorxdu və kəndə tərəf qaçdılar. Heç bir təxribat, heç bir təhlükə yox idi”, – hadisə şahidlərindən birinin valideyni BBC-yə deyib. Onun sözlərinə görə, əsgərlərdən biri maşının arxasından “nəzarətsiz şəkildə atəş açıb”. Məhəmməd qarın nahiyəsindən yaralanıb və xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə insanın Məhəmmədin cənazəsini qarşılaması və ailəsinin onunla vidalaşması əks olunub.
Məhəmmədin anası Maan xəbər agentliyinə bildirib ki, oğlu həmin gün məktəbdən sevinc içində qayıdıb, yeni məktəb çantasını göstərib:
“Quşları çox sevirdi. Həkim olmaq istəyirdi, deyirdi ürək həkimi olacam. Hər zaman dərslərində əla qiymət alırdı”.
İsrail ordusunun açıqlamasında deyilir ki,“əsgərlər daş atan şəxslərə cavab olaraq atəş açıblar. Dəqiq zərbələr endirilib. Hadisə ilə bağlı istintaq aparılır.”
İsrailin Kan xəbər saytı yazır ki, batalyon komandirinin ilkin araşdırması əsgərlərin davranışını tənqid edib. Onun sözlərinə görə, “atəş açmaq qaydaları pozulub və silahdan düzgün istifadə edilməyib”.
Eyni gün İsrail ordusu Cəninin yaxınlığında yerləşən Qabatiya şəhərində daha bir fələstinlinin öldürüldüyünü açıqlayıb. Ordu onun “əsgərlərə partlayıcı atdığını” iddia edib. Fələstin mediası ölənin 20 yaşlı Məhdi Kmeil olduğunu yazıb.
BMT-nin Humanitar məsələlər üzrə ofisinin (OCHA) məlumatına görə, bu ilin əvvəlindən bəri işğal olunmuş İordan çayının qərb sahilində 200-dən çox fələstinli, o cümlədən təxminən 40 uşaq İsrail qüvvələri tərəfindən öldürülüb.