Ankara və Yerevan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin görüşü baş tutub

Türkiyə Xarici İşlər Nazirliyi sentyabrın 12-də Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin görüşünün baş tutduğunu açıqlayıb. Danışıqlarda Türkiyəni səfir Sərdar Kılıç, Ermənistanı isə Milli Məclisin sədr müavini Ruben Rubinyan təmsil edib.
Tərəflər əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaları bir daha təsdiqləyib və 2022-ci il iyulun1-də əldə olunan sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı sazişlərin icrasını müzakirə ediblər. Görüşdə bu prosesin sürətləndirilməsi barədə qərar qəbul olunub.
Müzakirələrdə həmçinin Qars–Gümrü dəmir yolunun bərpası və istismara verilməsi, eləcə də elektrik interkonnektorunun işə salınması məsələləri diqqət mərkəzində olub. İki ölkənin müvafiq qurumlarına bu istiqamətdə texniki işlərin aparılması tapşırılıb.
Danışıqlarda humanitar sahədə əməkdaşlığın gücləndirilməsi üçün akademik və mədəni layihələrin inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Bu çərçivədə tələbələr üçün təqaüd proqramlarının həyata keçirilməsi, həmçinin “İpək Yolu” körpüsünün (Ani) birgə bərpası nəzərdə tutulur.
Tərəflər 2026-cı ilin yayından etibarən yeni aviareyslərin açılması üçün hazırlıq işlərinə başlamaq barədə də anlaşma əldə ediblər. Məqsəd hava əlaqələrinin genişləndirilməsidir.
Görüşün sonunda Türkiyə və Ermənistan nümayəndələri münasibətlərin normallaşdırılması prosesinin heç bir ilkin şərt olmadan davam etdirilməsinə sadiq olduqlarını vurğulayıblar.