Tarix Əliyevə qarşı məhkəməyə müraciət edən məhbus yaxınlarının sayının hazırda 78 nəfərə çatdığı bildirilir.
Siyasi məhbus anaları “Tolik” ləqəbli aparıcı Tarix Əliyevlə bağlı bəyanat yayıblar.
Bəyanat hazırda həbsdə olan Meydan TV əməkdaşları Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Ramin Deko (Cəbrayılzadə), eləcə də “Meydan TV işi” çərçivəsində həbs edilən jurnalistlər Fatimə Mövlamlı və Ülviyyə Əlinin (Quliyeva) anaları tərəfindən ictimaiyyətə təqdim olunub.
Bəyanatda bildirilir ki, Tarix Əliyev hakimiyyətin qeyri-rəsmi təbliğatçısı kimi çıxış edir və dövlət televiziyalarında iqtidarın mövqeyini cəmiyyətə çatdırır:
“Biz, cəmiyyətə bu qədər geniş çıxış imtiyazı ilə təmin olunan bu şəxsin siyasi məhbus ailələrinin ünvanına təhqirlər işlətməsini təsadüfi saymamaqla birlikdə, bu davranışı siyasi hakimiyyətin ona verdiyi direktivlərin tərkib hissəsi olaraq həyata keçirilmiş hücum kimi dəyərləndiririk. Bu səbəbdən, həm Tarix Əliyevi, həm də onun vasitəsilə cəmiyyətə nifrət ritorikası aşılayan siyasi hakimiyyəti bu hadisədə məsuliyyət daşıyan tərəflər kimi tanıyırıq”.
Bəyanatda həmçinin qeyd olunur ki, fərdi siyasi mövqeyinə görə cəzalandırılan şəxslərin yaxınlarına qarşı hücumlar repressiya kimi qiymətləndirilməlidir.
MeydanTV
Siyasi məhbus ailələri Tolikdən üzr istəməyi tələb edirlər