"Müdafiə Xətti"-nin 2022-ci il oktyabr, noyabr, dekabr ayları üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatı

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair
hesabatı:
 
Hesabat dövründə Azərbaycanda insan hüquqları sahəsində mövcud olan durum qeyri-qənaətbəxş qiymətləndirilir.
Həmin dövrdə milli qanunvericilik və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya, bəyannamə və paktların normaları kobud şəkildə pozulub. Konstitusiyada təsbit edilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları əngəllənib.
Yığıncaqlar azadlığı, ədalətli mühakimə, vicdan, söz və fikir azadlıqları qanunsuz müdaxilələrə məruz qalıb.
Tənqidçilərin, ictimai-siyasi fəalların qanunsuz təqibi artıb.
Siyasi ağırlıqlı inzibati və cinayət mühakimə icraatları rəsmi hüquq siyasətinin tərkib hissəsi olub.
İşgəncələr, qeyri-insani rəftarlar, ləyaqəti alçaldan davranışlar qeydə alınıb.
“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı konkret xüsusatları önə çəkərək qeyd edir:
1.Polkovnik Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etdiyinə görə azadlıqdan məhrum edilib
1.1. Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib. Məhkəmənin ittiham hökmü əsasında əsasında polkovnik Elnur Məmmədov 6 ay azadlıqdan məhrum edilib. Polkovnik Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilinib. Elnur Məmmədov həbsinədək ordu rəhbərliyini sərt tənqid edib.
1.2.Polkovnikin səhhəti ağırdır, xərçəng xəstəliyindən əziyyət çəkir.
2. Yazıçı Zümrüd Yağmurun qızı Sənay Yağmura qarşı zor tətbiq edib cinsi əlaqədə olan şəxsə qeyri-adekvat cəza verilib
2.1.Yetkinlik yaşına çatmayan şəxsə-Sənay Yağmura qarşı zor tətbiq etməklə cinsi əlaqədə olan Əsgər Ağazadə 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edilən cinayət əməli üzrə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulsa da, məhkəmə minimum cəza verib. Əsgər Ağazadə haqqında tətbiq edilən cəza ədalətli olmayıb, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına uyğun olmayıb.
3. “Demokratiya 1918” Hərəkatına qarşı repressiv tədbirlər tətdbiq edilirir
3.1. “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinib, 30 sutka inzibati qaydada həbs edilib. Ə. Məmmədli hakim siyasətin tənqidçisi kimi fərqlənir. Buna qədər də o, bir neçə dəfə inzibati təqibə məruz qalıb. Həbsdən sonra təhsilini davam etdirmək üçün Türkiyə Cümhuriyyətinə getmək istəyib, lakin hava limanından geri qaytarılıb, ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilib.
3.2. Hesabat dövründə “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallı da 30 sutka inzibati qaydada həbs edilib. Zeynallı polis haqqında tənqidi status yazdığına görə cəmiyyətdən təcrid edilib, qurama ittihama məruz qalıb.
3.3. “Demokratiya 1918” Hərəkatının İdarə Heyətinin üzvü Afiyəddin Məmmədova qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ittiham irəli sürülüb və o, 30 sutka inzibati qaydada həbs edilib. A. Məmmədov saxlanılarkən işgəncələrə məruz qalıb. Afiyəddin Məmmədov bildirib ki, “Polis idarəsində telefonuma daxil olmaq üçün parolu verməyi tələb etdilər. Verməkdən imtina etdim. Buna görə işgəncəyə məruz qaldım. Başıma, bədənimə zərbələr vurdular, hətta yıxılandan sonra yerdə də döydülər”.
4. Mühacir fəal hücuma məruz qalıb
4.1. Berlində yaşayan siyasi mühacir, bloqer Orxan Ağayev yaşadığı binanın yaxınlığında hücumə məruz qalıb. Hücum edənlər bıçaqla Orxan Ağayevə xəsarətlər yetiriblər. Orxan Ağayev xəstəxanaya yerləşdirilib. Cinayətkarların kimliyi müəyyən deyil.
4.2. Mühacirətdə fəaliyyət göstərən bloqerlər davamlı surətdə hücuma məruz qalırlar. Əvvəlki dövrlərdə Məhəmməd Mirzəli, Manaf Cəlilzadə, Qabil Məmmədov kimi videobloqerlərin sağlamlıqlarına qəsdən zərər vurulub, döyülüblər, işgəncəyə məruz qalıblar. Bloqerlər Azərbaycan hakimiyyətini sərt surətdə tənqid, bəzi hallarda isə təhqir edirlər.
5. Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli saxlanılıb
5.1.Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. Özünün verdiyi məlumata görə, ona qarşı bu ilin oktyabrın 27-dən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) xüsusi ittiham qaydasında şikayət verilib. Gültəkin Hacıbəyli Nəsimi Polis İdarəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılıb.
5.2. Leyla Arif adlı şəxs Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında şikayət verib, böhtana məruz qaldığını iddia edib.
6.İctimai fəal Bəxtiyar Hacıyev həbs edilib
6.1. İctimai fəal Bəxtiyar Hacıyev barəsində qurama ittihamlar əsasında Bakı şəhəri, Xətai Rayon Məhkəməsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. İctimai fəal B. Hacıyev xuliqanlıqda, məhkəməyə hörmətsizlik etmədə təqsirləndirilir. “Müdafiə Xətti” göstərir ki, B. Hacıyev rəsmi siyasəti, hüquq mühafizə orqanlarının zorakı və repressiv mahiyyətini, xüsusilə, Daxili İşlər Nazirliyinin fəaliyyətini açıq və sərt tənqid etməklə fərqlənib. Buna görə dəfələrlə təqib edilib, cari ildə işlədiyi ofisin və yaşadığı mənzilin qarşısında iki dəfə oğurlanaraq zorakılığa, pis rəftara, ləyaqəti alçaldan davranışa məruz qalıb, ona xəbərdarlıq edilib ki, DİN-nin rəhbərliyi barədə tənqidi qeydləri dayandırmazsa, həyat və sağlamlığı üçün daha ciddi təhlükələr yaradılacaqdır.
6.2. Bəxtiyar Hacıyev saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O, aclıq edərkən cərimə təcridxanasına salınıb, psixi və fiziki işgəncələrə məruz qalıb.
7. “Müdafiə Xətti” etiraz aksiyası təşkil edib
7.1. “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatı Bakının mərkəzində “İşgəncələr son”, “Repressiyalara son”, “Siyasi məhbuslara azadlıq”, “Bəxtiyar Hacıyevə azadlıq” şüarları ilə aksiya təşkil edib. Azərbaycan Konstitusiyanın 49-cu maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun tələbləri pozulmaqla aksiyanın keçirilməsinə polis maneçiliyi yaradılıb. Təşkilatçılar, “Müdafiə Xətti”-nin həmtəsisçiləri Rüfət Səfərov, Zaur Əkbər, Zəfər Əhmədov aksiya təyin olunan məkana çatmamış saxlanılıblar. Ümumilikdə (həm aksiyada, həm də aksiya məkanına çatmamış) 60 nəfərə yaxın vətəndaş saxlanılıb, bir neçə saatdan sonra sərbəst buraxılıblar. Aksiya iştirakçısı, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 30 sutka inzibati qaydada həbs edilib. Jurnalistlərin fəaliyyətinə maneçilik törədilib, “Amerikanın Səsi”-nin müxbiri Türkan Bəşir saxlanılıb, jurnalist olduğu bilinəndən sonra sərbəst buraxılıb. “Abzas media”-nın əməkdaşı İsmayıl Tağıyevə polislər tərəfindən zorakılıq göstərilib.
“Müdafiə Xətti” olaraq yuxarıda göstərilən hüquq və azadlıqların pozulması ilə əlaqədar bir daha dərin narahatçılığımızı bildirməklə Azərbaycan hökumətinin hüquq siyasətinə məsul olan vəzifəli şəxslərinə təklif edirik:
-Azərbaycan Respublikasının Konstitusiyasının 2-ci bölməsinin 3-cü bölməsində təsbit edilmiş hüquqlar və azadlıqlara hörmət ruhunda rəsmi hüquq siyasəti həyata keçirilsin;
-Cəzaçəkmə müəssisələrində qurama əsas və ittihamlarla cəza çəkən siyasi və vicdan məhbuslarının azadlığı təmin edilsin;
-İcra hakimiyyəti orqanlarının və s. məhkəmələrin işinə müdaxiləsi dayandırılsın, hakimlərin müstəqilliyi təmin edilsin;
-Hakimiyyətlər arasında bölgü real olaraq təmin edilsin, balans bərpa olunsun;
-Qanunun aliliyi, hüquqn üstünlüyü qorunsun;
-Siyasi məhbusların azadlıq hüququ tanınsın, siyasi yüklü cinayət və inzibati təqiblər dayandırılsln.