Livanda elektrik enerjisi istehsalı dayanıb

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Livanda elektrik enerjisi istehsal edən elektrik stansiyaları Mərkəzi Bankın yanacaq alışı üçün büdcə ayırmaması səbəbindən fəaliyyətini dayandırıb.

Livanın Elektrik İdarəsi ölkədəki “Deyr Əmmar və Əz-Zəhrani” elektrik stansiyalarının vəziyyəti ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, Livan Mərkəzi Bankı gündəlik 550 meqavat elektrik enerjisi istehsal edən Deyr Əmmar və Zəhrani üçün lazım olan 10 milyon dolları şirkətlərin hesablarına köçürməyib.

Bildirilib ki, bu transfer həyata keçirilmədiyi üçün hər iki elektrik stansiyasında istehsal dayanıb və vətəndaşlara elektrik enerjisi verilə bilməyib.

Qeyd edək ki, Livan Mərkəzi Bankı 2019-cu ildə baş verən iqtisadi böhran və valyuta ehtiyatlarının əriməsi səbəbindən yanacağa hökumət dəstəyini geri götürdükdən sonra elektrik stansiyalarında istehsal dayanıb.

Ölkənin gündəlik elektrik ehtiyacı normal şəraitdə 3200 meqavat civarında olduğu halda, yuxarıda qeyd olunan böhranlar səbəbindən bu istehsal bir müddət 500 meqavata düşüb.

Hər iki elektrik stansiyasında son olaraq gündə cəmi 4 saat elektrik enerjisi istehsal olunur, qalan 20 saat elektrik enerjisini isə əhali çox baha qiymətə özəl generatorlardan təmin edir.