İsrail ordusu Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənubundakı əl-Quneytra əyalətində bir neçə yaşayış məntəqəsinə daxil olaraq orada nəzarət-buraxılış məntəqələri qurublar.

Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumatına görə, İsrail ordusunun bölmələri əl-Quneytra əyalətinin mərkəzi və cənub bölgələrində bir neçə kənd və qəsəbəni zəbt edərək, nəzarət-buraxılış məntəqələri yaradıb və mülki şəxslərdə axtarışlar aparıb.

Beş hərbi texnikadan ibarət karvan İsrailin işğalı altında olan Colan təpələri ilə sərhəddə yerləşən ər-Rafid şəhərinə daxil olub.

Digər bir karvan isə vilayətin mərkəzi hissəsində, Dəməşqdən 70 km aralıda yerləşən Ruveyhinə qəsəbəsinə doğru irəliləyib.

Hadisədən bir neçə saat sonra İsrail qüvvələri geri çəkilib.