İslam Universitetinin rektoru: “İslam sülhə, təhlükəsizliyə, ləyaqətli və şərəfli olmağa çağırır”

“İslam sülhə, təhlükəsizliyə, ləyaqətli və şərəfli olmağa çağırış edir və bu ideya dünya ictimaiyyətinə çatdırılmalıdır”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu Qazaxıstanda yerləşən Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd Əl-Şahhat Əl-Cindi Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, dünyadakı müsəlmanlar bu gün ciddi çağırışlar və problemlərlə üzləşirlər: “Hər birimiz bir çox çətinliklərlə üzləşirik. Ən əsas problem isə islamofobiyadır. Bu, bütün müsəlman dünyası üçün təhlükədir”.

Əl-Cindi vurğulayıb ki, islam qardaşlığa, sülhə, tolerantlığa çağırır və müsəlmanlar bu prinsipləri dünya ictimaiyyətinə düzgün çatdırmaq üçün mübarizə aparmalıdırlar, çünki islamofoblar “korlar icmasıdır”.

O, həmçinin qeyd edib ki, konfrans bu məsələlərin müzakirəsi üçün çox yaxşı platforma olacaq.