İslam Dövləti Kabildəki hücumun məsuliyyətini üzərinə götürüb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, İslam Dövləti (İŞİD) bazar ertəsi Kabildə Taliban qüvvələrinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Militant qrup Telegram kanalında bildirib ki, bazar günü həyata keçirilən hücum nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

Əfqanıstanın Talibanın idarə etdiyi Daxili İşlər Nazirliyinin sözçüsü də paytaxt Kabildəki hərbi aeroportun qarşısında baş verən partlayışın çoxsaylı insan tələfatına səbəb olduğunu bildirib.

Daxili İşlər Nazirliyi İslam Dövlətinin iddia etdiyi tələfat rəqəmlərini təkzib edib və ölənlərin rəsmi sayını açıqlayacağını bildirib.

İslam Dövləti çinli iş adamlarının qaldığı mehmanxanaya hücum və İslamabad öz səfirinə sui-qəsd adlandırdığı Pakistan səfirliyinə atəş açılması da daxil olmaqla, Kabildəki bir neçə səs-küylü hücumların məsuliyyətini öz üzərinə götürüb.

Bu yaxınlarda Əfqanıstanın paytaxtı Kabildə bir oteli hədəf alan bomba hücumu zamanı azı 3 nəfər ölüb, ikisi əcnəbi olmaqla, 21 nəfər yaralanıb.

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid üç silahlının günortadan sonra binaya basqın etdiyini və təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib. O, heç bir əcnəbinin ölmədiyini deyib.

İslamabad rəsmiləri Pakistan səfirliyinə edilən hücum zamanı müvəqqəti işlər vəkili Ubayid-ur-Rəhman Nizamaninin sağ qaldığını, lakin onun pakistanlı mühafizəçisi sinəsindən güllə yarası aldığını bildirib.

İslam Dövləti bildirib ki, hücum edənlər qrupun İslam Dövləti Xorasan (İŞİD-K) kimi tanınan regional qolunun üzvləri olub.

Sentyabr ayında İŞİD-K terror qruğunun intiharçısı Əfqanıstanın paytaxtındakı Rusiya səfirliyinin girişində özünü partladıb. Həmin hücumda ikisi Rusiya səfirliyinin əməkdaşı olmaqla, altı nəfər həlak olub.