İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayıblar

Operativtv.com Turan-a istinadən xəbər verir ki, çərşənbə günü Tehranda İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaş və Rusiyanın nəqliyyat naziri Vitali Savelyev Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə saziş imzalayıblar.

Mərasimdə prezidentlər Vladimir Putin və İbrahim Rəisi iştirak ediblər, Putin videobağlantı vasitəsilə iştirak edib. Rusiya tərəfdən mərasimə baş nazirin müavini, İranda işgüzar səfərdə olan Aleksandr Novak da qoşulub.

Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcəklər.

Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək üçün lazımdır ki, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artmasına imkan verəcək. Güman edilir ki, Rəşt-Astara xətti Moskva və Tehranın iştirakı ilə, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.

Rəşt-Astara dəmir yolunun işə salınmasından sonra Moskva və Sankt-Peterburqdan yük və konteynerlər birbaşa və dayanmadan İranın cənubunda Fars körfəzində Bəndər-Abbas limanına daşına biləcək. Digər tərəfdən, Rusiyanın Hindistan, ərəb ölkələri və İrandan idxal etdiyi mallar da Fars körfəzində İranın cənub limanlarından Azərbaycan vasitəsilə Rusiyaya çatdırıla bilər.

Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycandan keçəcək. Bu son dərəcə vacib qərar Azərbaycanın Cənubi Qafqazın nəqliyyat xabı kimi statusunu möhkəmləndirir, əhəmiyyətini daha da artırır və İrandan Ermənistana, sonra isə Gürcüstana paralel avtomobil yolunun tikintisini mənasız edir.

Fars körfəzindən Avropaya gedən mallar Azərbaycandan Gürcüstana və daha sonra Qara dənizə daşınacaq. Bununla da Gürcüstanla Ermənistan arasında dəmir yolunun Abxaziya hissəsinin bərpasına ehtiyac qalmır.