Hörmüz boğazı ətrafında şərt müharibəsi: SEPAH ABŞ-a açıq ultimatum verdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ rəhbərliyi Tehranın irəli sürdüyü şərtləri qəbul etməyəcəyi təqdirdə Hörmüz boğazının gəmilərin üzünə qapalı qalacağını bəyan edib.

Bu barədə SEPAH-ın yaydığı rəsmi bəyanatda bildirilir.

Bəyanatda Hörmüz boğazının tam olaraq İranın nəzarəti altında olduğu və Fars körfəzində düşmənə məxsus heç bir hərbi gəminin qalmadığı vurğulanır. SEPAH nümayəndələrinin sözlərinə görə, qarşı tərəfin bütün hərbi dəniz qüvvələri boğazdan azı 400 kilometr məsafəyə geri çəkilməyə məcbur edilib.

İran tərəfi təxminən bir ay əvvəl Omanla danışıqlara başladıqlarını, boğaz sularının bölgüsü və gəlirlərin paylaşılması ilə bağlı müvafiq razılaşmaların əldə olunduğunu diqqətə çatdırıb.

Lakin rəsmi Tehran vurğulayır ki, Birləşmiş Ştatlar süni maneələr yaratmaqdan əl çəkərək qarşılıqlı anlaşma memorandumuna qayıtmasa və İranın irəli sürdüyü şərtləri birmənalı qəbul etməzsə, Hörmüz boğazında kommersiya gəmilərinin hərəkətinin bərpası qətiyyən mümkün olmayacaq.