“Daxildə dini zəmində narazılığın artması xarici mərkəzlər üçün daha çox əlverişlidir”

Son vaxtlar Bakıda məscidlərdə imam təyinatı icma üzvləri arasından deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK )özünün seçdiyi şəxs təyin olunur. Bu da məscid camaatı yəni icma üzvləri tərəfindən narazılıqla qarşılanır. Mərhum Hacı Şahin Həsənlinin rəhbərlik etdiyi Məşədi Dadaş məscidinə Komitə tərəfindən imam təyinatı ətrafında baş verənlər bunu deməyə əsas verir.

Ekspertlər düşünür ki, baş verən son hadisələr Azərbaycanda dini sahədə məqsədli provokasiya cəhdi yaratmaqdan başqa bir şey deyil.

Bir tərəfdə şiə dindarlara qarşı olan basqılar, o biri tərəfdən icmaların dağıdılması üçün atılan addımlar nəyə xidmət edir?

Dini mövzularda yazan jurnalist Kənan Rövşənoğlu ASTNA-nın bu mövzuda suallarına aydınlıq gətirib.

* * *

Sual: Kənan bəy, son vaxtlar məscidlərdə imam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunur ki, bu da məscid camaatı tərəfindən narazılıqla qarşılanır. Yəni konkret olaraq son belə bir faktı Hacı Şahin Həsənlinin rəhbərlik etdiyi Məşədi Dadaş məscidi ətrafında baş verənlərdə görmək olar. Nə baş verir? Bu addım məscid icmalarını dağıtmaq üçün atılan addımdır?

Cavab: Məscidlərə imam təyinatı yeni qanunvericiliyə əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bizdə iki il əvvəl qanun dəyişdi və artıq imam təyinatı Komitənin səlahiyyətindədir. Daha əvvəlki qanunvericilikdə imamı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) icma ilə razılaşdırmaqla təyin edirdi. Amma artıq o qayda dəyişib, imamlar DQİDK-də imtahan verərək seçilir və vakant yerlərə təyin olunur.

Amma Məşədi Dadaş məscidində vəziyyət fərqli idi. Bu məscid Bakıda ən qələbəlik şiə camaatının toplaşdığı ibadətgah idi. Ancaq mərhum Hacı Şahinin ölümündən sonra icmanın və ora gələn camaatın dağılması labüd idi. Bunun qarşısını yalnız oradakı icma ala bilərdi, yəni öz içindən bir imam təyin etməklə məscid camaatını qoruyub saxlamağa çalışırdı. Bunu ilk vaxtlarda Komitə rəhbərliyi də nəzərə aldı. Mart ayında birinci müvəqqəti imam təyin olundu. Daha sonra isə onu ikincisi ilə (birincinin təhsili ilk pillədə olduğu üçün) əvəzləndi. Belə görünürdü ki, artıq hər şey qaydasındadır. Lakin mayın əvvəlində gözlənilmədən Komitə məscid icması və camaatı ilə razılaşdırmadan kənardan imam təyin etdi və bu da icma daxilində narazılığa səbəb oldu. İcma, yəni mərhum Hacı Şahinin ətrafında olan və Məşədi Dadaş məscidi camaatının özəyini təşkil edənlər məscidi tərk etdilər. Bununla da köhnə camaat dağıldı və ilk cümə namazında da göründüyü kimi, 20 ildən sonra ilk dəfə az sayda insan gəldi ibadətə.

Mənim fikrimcə, qanunlar da imkan verdiyi qədər burda icma ilə dövlət qurumu arasında bir razılaşma əldə oluna bilərdi və bu məscidin camaatının qalmasını təmin edərdi. Amma hakimiyyət orqanları buna getmədilər, daha doğrusu əvvəl getdilər, ancaq sonradan geri çəkildilər.

Sual: Bu məsələlərdə DQİDK  ilə yanaşı başqa kimin əli ola bilər?

Cavab: Hiss olunur ki, bu məsələ süni qızışdırılmış məsələyə bənzəyir. Yəni DQİDK sədri əvvəlcə məscid icmasının təmsilçiləri ilə görüşdü, razılaşma oldu və hər şey normal idi. Ancaq bir aydan sonra Komitə qəfil fikrini dəyişdirdi. Mən də bu barədə yazı yazmışdım, sosial şəbəkələrdə iddialar var idi ki, bu məsələdə Komitə rəhbərliyində təmsil olunan şəxslərin, konkret olaraq sədr müavinin marağı var. Mümkündür ki, bu məsələdə Komitə ilə yanaşı digər qurumların da rolu və “xidmətləri” olub.

Sual: Bu addımı atmaqda, insanları narazı salmaqda məqsəd nədir?

Cavab: Əlbəttə, bu addımın sağlam bir məqsədi ola bilməz. Çünki nəticə etibarı ilə Bakıda nümunəvi, milli dəyərlərə bağlı bir icma və camaat dağıldı. Onları bir yerə toplamaq çətin olacaq. Bu kimi addımlar yaxın dövrdə bilinməsə də uzaq dövr üçün Azərbaycanda “yeraltı” camaatların yaranması prosesinə xidmət edir. Türkiyədə bu təcrübə yaşandı və dövlətin sərt təzyiqləri nəticəsində rəsmi islamla yanaşı qeyri-rəsmi evlərdə, gizli şəkildə formalaşmış qeyri-rəsmi camaatlar yarandı. Dindarları məscidlərdən uzaqlaşdırmaq nəticə etibarı ilə buna aparacaq.

Ola bilsin ki, bu addımı atanlar indiki mərhələdə məscidlərdə böyük, çoxminli camaatların dağılmasına nail olmağı hədəfləyir. Amma dediyim kimi uzaq hədəfdə bu ziyanlıdır, xüsusən də müsəlman ölkələrində.

Sual: Son vaxtlar dindar insanlara qarşı bir basqı hökm sürür. İranla olan məlum münasibətlərdən dolayı. Dindarlar “İran agenti” adı ilə həbs olunur. Rəsmi ittihamlar başqa olsa da. Sizcə, bu məsələlərin baş verən olaylarla hansısa bir əlaqəsi ola bilərmi?

Cavab: Azərbaycanda vaxtaşırı olaraq bu cür həbslər həyata keçirilir. Rəsmi ittiham narkotik maddələrin qanunsuz dövriyyəsi olsa da, bir çox hallarda hakimiyyət orqanları və hakimiyyətə yaxın media bu həbslərin İranla bağlı olduğunu qeyd edir. Ancaq həbslərin heç də hamısı agent ittihamı ilə olmur. Belə görünür ki, həbslər Azərbaycanda İranın dini mərkəzlərinin təsiri altında olan dindarlara qarşı həyata keçirilir. Daha doğrusu, hakimiyyət mümkün risk qruplarını sıradan çıxarmağa çalışır.

Azərbaycan hüquq-mühafizə orqanları xarici ölkələrin dini təsiri və bu təsirin yaradacağı riskləri neytrallaşdırmaq üçün zaman-zaman bu cür “profilaktik” tədbirlər həyata keçirir. Nəticə təbii olaraq çoxlu sayda günahsız insanlar da güdaza gedir, həbs olunur, əziyyət görür və son olaraq dövlətdən küsür, özünü incidilmiş hesab edir. Əlbəttə, sirr deyil ki,  Azərbaycanda İranın və ya belə demək olarsa İrandakı dini mərkəzin təsiri altında olan şəxslər var. Amma bu cür şəxslərin böyük sayda olduğunu düşünmürəm.

Ümumiyyətlə, bu mövzu həddən artıq mürəkkəbdir. Bilindiyi kimi, dini mərkəzlərə münasibət sərhəd tanımır və burada cizgini müəyyən etmək çox çətindir. Bir katolikə demək olmaz ki, sən Vatikanla mənəvi bağlarını qoparmalısan. Eyni ilə müsəlmanların da bəlli dini mərkəzlərə dini-mənəvi bağları var və onları hansısa inzibati vasitələrlə qoparmaq mümkün deyil.

İranla bağlı məsələdə bu özünü daha problematik göstərir. Çünki İran rəsmi olaraq islam dövlətidir və dini təbliğatı dövlət siyasətinin tərkib hissəsi olaraq aparır. Bu, əhalisinin böyük bir hissəsinin şiə olduğu və İranla qonşu olan ölkə olaraq bizim üçün daha çox həssaslıq təşkil edir. Üstəlik iki ölkə hakimiyyətləri arasında münasibətlərin pisləşdiyi dövrdə bu soyuqluq dindarlar üzərində təzyiq formasında özünü hiss etdirir.

Düşünürəm ki, Azərbaycan müsəlman ölkəsi olaraq dini həssaslığı nəzərə almalı, bu sahədə mütəxəssislərin cəlb olunması ilə kompleks işlər görməlidir ki, dini mühitə xarici təsir minimuma ensin. Yəni din sahəsində olan problemlər hüquq-mühafizə orqanları vasitəsilə deyil, əlaqəli qurumlar tərəfindən həll olunmalıdır.

Sual: Dindarları narazı salmaq, onları dağıtmaq çıxış yoludurmu? Yaranan vəziyyətdən başqaları öz məqsədləri üçün istifadə etməyəcəklər ki?

Cavab: Əlbəttə, dediyim kimi, məsələnin bu həddə çatması, hüquq-mühafizə orqanları vasitəsilə “həll olunması” taktikası yanlışdı. Yaxın dövr üçün faydalı ola bilər, amma uzaq dövr üçün əksinə, risklidir. Mən düşünmürəm ki, Azərbaycanda bu cür dindar həbsləri, dini sahədə yaranan gərginlik xaricdə hansısa dini mərkəzi narahat eləsin, əksinə, daxildə dini zəmində narazılığın artması xarici mərkəzlər üçün daha çox tərəfdar cəlb etmək üçün əlverişlidir. Biz bunu daha əvvəl digər dini qrupların nümunəsində yaşamışıq.

Sual: Sizcə, normal vəziyyətin yaranması üçün hansı addımlar atılmalıdır?

Cavab: Qeyd etdiyim kimi, din sahəsində daha kompleks, düşünülmüş və ölkənin milli-mənəvi dəyərləri, ənənələrini mühafizə edəcək, dini dəyərləri qoruyacaq addımlar atılmalı, din sahəsində mütərəqqi qanunlar qəbul olunmalıdır. Azərbaycanın öz ənənələri, milli-mənəvi dəyərləri və etnik-dini strukturuna uyğun bir model inşa olunmalıdır. Bu, zaman alacaq. Amma ölkə üçün lazımlıdır.